Tehran Vaşinqtonu "ikinci Vyetnam" müharibəsi ilə hədələyir

Dünya

06.01.2020 - 20:58

Xameneinin müşaviri ABŞ-ı müharibə ilə hədələyib 

 

Vaşinqton "ikinci Vyetnam" müharibəsi ilə üzləşə bilər. 

 

AYNA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı general Qasım Süleymani ilə Tehran Universitetində keçirilən vida mərasimində İranın Ali lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti məlumat verib.

 

“ABŞ Qasım Süleymanini qətlə yetirməklə böyük axmaqlıq etdi və indi Vaşinqton “ikinci Vyetnam” müharibəsi ilə qarşılaşacaq”, - deyə Ə.Ə.Vilayəti bildirib.

 

Yas mərasimində çıxış edən Vilayəti Q.Süleymaninin Yaxın Şərqlə Rusiya ittifaqının "əsas elementi" olduğunu xatırladıb. Bununla yanaşı, generalın ölümünün ikitərəfli təmasların davam etməsinə təsir göstərməyəcəyini də bildirib.

 

Qeyd edək ki, bu gün İran İslam Respublikasının Ali lideri Ayətullah Əli Xamenei generalın cənazə namazını qılıb. Eyni zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən ruhani liderin ağlayan yerdə çəkilmiş görüntüləri yayımlanıb. 

Müəllif: Rumiyyə Miraslan