Tacikistanın XİN başçısı: “Əfqanıstanın şimalında terrorçular fəallaşıblar”

Dünya

27.10.2021 - 17:54

Tacikistan Əfqanıstanda terrorçuların aktivləşməsi barədə məlumat yayıb

Əfqanıstanın şimalında terrorçular fəaliyyətlərini gücləndiriblər. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan xarici işlər naziri Siraciddin Muxriddin Əfqanıstanla qonşu dövlətlərin nazirlərinin görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Əfqanıstanın şimalındakı Tacikistanla həmsərhəd əyalətlərdə terrorçuların fəaliyyətinin intensivləşməsi müşahidə olunur.

“Əfqanıstanda fəaliyyət göstərən terror qruplaşmalarında qonşu dövlətlərin vətəndaşları iştirak edirlər. Region dövlətləri potensial təhlükələri aradan qaldırmaq üçün səylərini birləşdirməlidirlər. Əfqanıstandakı vəziyyətə biganəlik orada yeni və uzun sürən vətəndaş müharibəsinə səbəb ola bilər”, - deyə nazir vurğulayıb.

XİN rəhbəri əlavə edib ki, “Taliban” nümayəndələrinin formalaşdırdığı hazırkı Əfqanıstan hökumətini Tacikistan tanımaq niyyətində deyil: “Çünki “Taliban” güc yolu ilə hakimiyyətə gəlib. Belə bir hökuməti tanımırıq. Bu, xalqımızın, o cümlədən tacik diasporunun fikridir. Taciklər yeni hökumətdə yer almalıdırlar. Çünki onlar ölkənin ümumi əhalisinin 46 faizini təşkil edir”.

Müəllif: Ayna.az