Sizi Allaha tapşırırıq!

Cəmiyyət

14.02.2020 - 10:15

Həkimlər Klinikalar SEO Xidməti

Hava şəraiti dəyişən kimi “B” planı işə düşür

 

Sıxıntıları bitib-tükənməyən Xırdalan şəhərinin ictimai nəqliyyat problemi də ayrı bir dərddir. Əvvəllər Xırdalandan paytaxt istiqamətinə bir neçə marşrut xətti vardı. Avtobusların sayı da çox idi. Hələ o zaman gedişhaqları da bahalaşmamışdı. Sakinlər kiçik məbləğə paytaxtın istənilən istiqamətinə doğru hərəkət edə bilirdilər. Lakin bu rahatlıq sonralar sakinlərin burunlarından fitil-fitil gəldi.

 

Belə ki, adi günlərdə belə, nəqliyyat sahəsində ciddi problemlər yaşanan Xırdalanda, hava şəraitinin kəskin dəyişməsi nəticəsində vəziyyət xüsusilə dözülməz çatır. Daha dəqiq desək, sürücülər “B” planını işə salırlar. Məsələn, normal günlərdə Xırdalandan “20 yanvar” metrostansiyasına və əks istiqamətə işləyən və el arasında “manatlıq” taksilər adı ilə məşhurlaşan taksi sürücüləri, bir az tıxac olan kimi gedişhaqqını 1 manatdan 2 manata qədər qaldırırlar. Lakin hava şəraitindən asılı olaraq bu taksilərdə gedişhaqları 3-5 manatadək qalxır. Belə olan halda da müştəri bilmir ki, Xırdalana gedir, yoxsa Şamaxıya.

 

Məlum məsələdir ki, “qəpiyə güllə atan” sərnişinlər belə olan halda ənənəvi üsula, yəni avtobuslara üstünlük verirlər. Lakin o boyda Xırdalandan paytaxt istiqamətinə cəmi bir marşrut xəttinin hərəkət etməsi, “manatlıq” taksi işgəncəsindən heç də fərqlənmir. 20-30 nəfərlik tutumu olan avtobuslara 50-60 nəfərin minməsi, üstəlik, Xırdalanın məşhur, diqqətdən kənarda qalmış xarabalıqları xatırladan yollarında tıxaca görə, 15-20 dəqiqəlik məsafənin 35-40 dəqiqəyə qədər uzanması faciənin digər hissələrindəndir.

Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş