Rusiyanın Avropada “hibrid” müharibəsi: təxribatlar ara vermir

Dünya

13.06.2024 - 22:18

Həkimlər Klinikalar SEO Xidməti

Baş verən hadisələrdə Kreml izi: “Hadisələrin Rusiya ilə əlaqəsi təkcə mümkün deyil, həm də böyük ehtimaldır”

“Praqada avtobus deposunun yandırılması Rusiyanın Avropa ölkələrində apardığı “hibrid” təxribat kampaniyasının növbəti sübutudur”. Bu sözləri Çexiyanın Baş naziri Petr Fiala deyib.

Qərb kəşfiyyat agentlikləri hesab edirlər ki, səpələnmiş, lakin getdikcə daha çox olan təxribat aktları Moskvanın Ukraynanı dəstəkləyən ölkələrdə vəziyyətin sabitliyini pozmaq üçün sistemli cəhdinin bir hissəsidir.

BBC xəbər verir ki, polis şənbə günü Cənubi Amerikadan olan və Çexiyada cəmi beş gün qalmış ispandilli kişini saxlayıb. Cümə axşamı səhər tezdən o, Praqa avtobus deposunda bir neçə avtobusa benzin tökərək onları yandırmağa cəhd edib. Zərər cüzi olub, lakin Fiala öz açıqlamasında hadisəni Vilnüsdəki “Ikea” mağazasında və Varşavada Polşanın ən böyük ticarət mərkəzində baş verən son yanğınlarla əlaqələndirib: “Bu hadisənin Rusiya ilə əlaqəsi təkcə mümkün deyil, həm də böyük ehtimaldır. Bu hücum çox güman ki, Rusiya tərəfindən təşkil edilib və maliyyələşdirilib”.

Kimlərisə alət edərək onlar vasitəsilə təxribat həyata keçirmək Rusiya kəşfiyyatının işində xarakterik xüsusiyyətdir. Mart ayında onun işə götürdüyü 5 nəfər, o cümlədən 20 yaşlı britaniyalı Dilan Erl Londonda Ukrayna anbarını yandırmağa cəhd edib. Keçən il Böyük Britaniyada Rusiya üçün işləyən və yerli hərbi obyektləri izləyən bolqar casus qrupu üzə çıxıb. Almaniyada bu ilin yazında Almaniya və Rusiya vətəndaşlığı olan iki kişi həbs edilib. Onlar hərbi fabriklərə, silahların çatdırılma marşrutlarına, Ukrayna tankçılarının təlim keçdiyi ABŞ bazasını güdüblər, həmçinin hərbi və sənaye obyektlərində təxribat planlaşdırıblar.

2023-2024-cü illərdə Polşada bir neçə qrup casus və potensial təxribatçı həbs edildi, onların arasında sadə görünən tapşırıqları yerinə yetirməklə tez pul qazanmağa çalışan ukraynalılar və belaruslar da var idi.

“Bu, Rusiya üçün normal davranışdır... Onlar fevralda daxili işlər nazirinin və bir jurnalistin avtomobillərinə hücum etmək üçün 10 nəfəri işə götürüblər”, - Estoniyanın müdafiə naziri Hanno Pevkur bu yaxınlarda deyib. Nazir daha sonra bildirib: “Anlamalısınız ki, Rusiya Avropa ölkələrinə və NATO-ya qarşı getdikcə daha aqressiv davranır”.

Estoniya Prokurorluğunun məlumatına görə, nazir və jurnalistin avtomobillərinin şüşələrini sındıran 6 nəfər, o cümlədən ruslar və Rusiya-Estoniya vətəndaşlığı olanlar həbs edilib.

Müəllif: Turan Abdulla