Rusiya müharibədə 6 mindən çox elit hərbçisini itirib

Dünya

11.01.2025 - 09:50

Həkimlər Klinikalar SEO Xidməti

Jurnalistlər müharibə zamanı həlak olan 88 min 55 rus əsgərinin adlarını müəyyən edə biliblər

BBC və “Mediazona” jurnalistlərinin hesablamalarına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından bəri təxminən üç il ərzində Rusiya Federasiyası ən azı 6063 elit əsgərini itirib. Hansı ki, milyonlarla dollar onların uzun illər təlimlərinə sərf edilib. Bu rəqəmə "yalnız Hava-Dəniz Qüvvələrinin, Dəniz Piyadalarının, Müdafiə Nazirliyinin və Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı qüvvələrinin bölmələrinin, eləcə də hərbi pilotların ən döyüşə hazır olan hərbi qulluqçuları, həmçinin hərbi pilotlar daxildir", - BBC yazıb.

Ölən elit hərbçilərin yarıdan çoxu Hava Desant Qüvvələrinin nümayəndələri olub. 2025-ci ilin əvvəlinə jurnalistlər Ukraynaya qarşı müharibədə həlak olan 3240 desantının adlarını müəyyənləşdiriblər.

“Bunlar Ukrayna ilə müharibə başlamazdan əvvəl Hərbi Hava Qüvvələrində xidmət etməyə başlayan, uzunmüddətli təlim keçmiş və ya hərbi universitetlərin məzunlarıdır. Ölənlər arasında 654 zabit var”, - deyə məlumatda vurğulanıb.

Bundan əlavə, 214 zabit də daxil olmaqla 1247 dəniz piyadasının öldüyü təsdiqlənib. Rusiya Dəniz Piyadaları Korpusunun bölmələri Ukraynaya qarşı müharibənin bütün əsas döyüşlərində - “Kiyev və Mariupola hücumdan tutmuş Rusiyanın Kursk vilayətindəki hərbi əməliyyatlarına qədər” iştirak ediblər.

Ölən daha 577 elit hərbçi QRU xüsusi təyinatlılarının üzvləri, 267-si hərbi pilotlar, 114-ü isə FSB və FSO əməkdaşlarıdır.

BBC hərbi pilotların ölümünü ciddi itki adlandırır: “Döyüş aviasiyasının uçuş heyətini poliqonda üç aylıq kursu olan səfərbər edilmiş heyətlə əvəz etmək olmaz. Onların hazırlanması üçün illər lazımdır. Onlar uçuş məktəbində təhsil alırlar, sonra isə təlim mərkəzlərində təlim keçirlər”.

Ümumilikdə jurnalistlər və könüllülər açıq mənbələrdən istifadə edərək Ukraynaya qarşı genişmiqyaslı müharibə zamanı həlak olan 88 min 55 rus əsgərinin adlarını müəyyən edə biliblər.

Bununla yanaşı, jurnalistlərin bildirdiyinə görə, real itkilər açıq mənbələrdən müəyyən edilən rəqəmlərdən xeyli çoxdur. Məqalədə deyilir: “Müsahibə apardığımız hərbi ekspertlər Rusiya qəbiristanlıqları, müharibə abidələri və nekroloqlarla bağlı təhlillərimizin real ölüm sayının 45%-65%-ni əhatə edə biləcəyini deyirlər”.

Müəllif: Turan Abdulla