“Rusiya ABŞ-ı iki dəfə dağılmaqdan xilas etdi” və Kremldən “unikal silahlar”la təhdid

Dünya

28.03.2023 - 22:16

Patruşev bu dəfə “dövlətlərə öz bütövlüyünü qoruyub saxlamaqda kömək etməyi” yersiz saydı: Moskva daha yardım etməyəcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-la bağlı yeni açıqlama verib. AYNA xəbər verir ki, Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib ki, Rusiya ən azı iki dəfə ABŞ-ı dağılmaqdan xilas edib.

Patruşev vurğulayıb ki, Rusiya Federasiyası daha ABŞ-a bütövlüyünü qoruyub saxlamağa kömək etməyəcək: "Rusiya ən azı iki dəfə ABŞ-ın özünü xilas etdi - müstəqillik uğrunda müharibə və vətəndaş müharibəsi zamanı. Amma hesab edirəm ki, bu dəfə dövlətlərə öz bütövlüyünü qoruyub saxlamaqda kömək etmək yersizdir".

Eyni zamanda, Patruşev kinayəli şəkildə Rusiyanı "ona kömək üçün müraciət edən istənilən xalqın suverenliyinin və dövlətçiliyinin tarixi müdafiəçisi" adlandırıb.

ABŞ-ın xilası ilə bağlı qəribə “tarixi” istinadlarla yanaşı, Patruşev təhdid yağdırmağı da unutmadı. Xüsusilə də həmin müsahibədə Rusiya Təhlükəsizlik Şurasının katibi qəfildən istənilən düşməni məhv etməyə qadir olan “unikal silahların” mövcudluğundan danışıb.

“Rusiyanın unikal silahı var ki, bu silahlar Rusiyanın mövcudluğuna təhlükə yaranarsa, istənilən rəqibi, o cümlədən ABŞ-ı məhv etməyə qadirdir”, - Patruşev bildirib.

Ukraynalı ekspertlər Patruşevin bəyanatını qəribə, bir az gülməli, bir az da maraqlı bəyanat sayırlar. Analitiklər Rusiyanın ABŞ-ı necə “xilas” etdiyinin sual olaraq qaldığını, Kremlin özündə də bu suala cavab olmadığını bildirirlər. Ekspertlər hesab edirlər ki, Rusiya Ukrayna cəbhəsində məğlub olduqca, Putinin dünyadan təcridi daha da dərinləşdikcə, Moskvada gülünc bəyanatların sayı da çoxalacaq.

Maraqlıdır ki, bu bəyanat nüvə gərginliyi fonunda verilib. Çünki iki gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Belarus ərazisində nüvə silahları üçün anbarların hazırlandığını açıqlayıb. Anbarların iyulun 1-nə kimi inşasının tamamlanacağı bildirilir. Bundan sonra Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. ABŞ-dan və Avropadan verilən bəyanatlar Rusiyanın təhlükəli “nüvə oyununa” başladığını, bunun nəticələrinin çox ağır olacağını göstərir.

Rəsmi Minsk: “Məcburi cavab tədbiridir”

Bu arada, Belarus Rusiya nüvə silahının dövlətin ərazisində yerləşdirilməsini müdafiə qabiliyyətini və təhlükəsizliyi gücləndirmək üçün “məcburi cavab tədbirləri” adlandırıb. İddialara görə, bu addım heç bir şəkildə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (START) pozmur.

Belarus Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda qeyd edilir ki, Belarus və Rusiya arasında hərbi əməkdaşlıq ciddi şəkildə beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir: “Belarusun təyyarələrinin xüsusi döyüş sursatı ilə idarə etməyə qadir pilotların hazırlanması, belə təyyarələrin modernləşdirilməsi, həmçinin nüvə başlıqlarının yerləşdirilməsi bura daxildir. Belarus ərazisi üzərində nəzarəti Minskə vermədən, habelə müvafiq texnologiyalardan istifadə etmək START-a heç bir şəkildə zidd deyil”.

XİN əlavə edib ki, bu cür hərəkətləri qeyri-nüvə və nüvə gücləri arasında hərbi əməkdaşlıq sahəsində yenilik adlandırmaq olmaz. Rəsmi Minsk birgə nüvə missiyaları təcrübəsinin çoxdan mövcud olduğu NATO-ya istinad edib. Nazirliyin bəyanatına görə, Alyansa üzv ölkələrin ərazisində ABŞ-ın 150 taktiki nüvə silahı və onlardan istifadə üçün 250 təyyarə yerləşdirilib.

XİN "bütün tərəfdaşları" qlobal və regional təhlükəsizliyin arxitekturasının, silahsızlanmanın çoxtərəfli mexanizmlərinin gücləndirilməsinə yönəlmiş konstruktiv və qarşılıqlı hörmətli dialoq naminə "qarşıdurma ritorikasından və silahlanma yarışının inkişaf edən spiralından" imtina etməyə çağırıb.

Avropa ölkələri Putinin açıqlamasına reaksiya verib. Latviya Belarusu Rusiya Federasiyasının digər hərbi dairəsi adlandırıb, Almaniya isə işğalçı dövləti “nüvə ilə qorxutmaqda” ittiham edib. Avropa Komissiyası “İsgəndər”in Belarusda yerləşdirilməsinə sanksiyalarla cavab verəcəyini vəd edib.

“Xalqın xidmətçisi”nin rəhbəri David Araxamia Rusiya Federasiyasının planlarını Belarus Respublikasından gələn təhlükənin artması adlandırıb. O, etiraf edib ki, Ukraynanın əlavə səfərbərliyə ehtiyacı ola bilər ki, bu, Belarusla sərhəddə müdafiəni gücləndirmək deməkdir.

Müəllif: Turan Abdulla

Ramanada faciə

Dünən, 17:26 Hadisə