“Ermənistan Axalkalaki-Qars dəmir yolu xəttinə çıxış əldə edib”
“Ermənistan artıq dalan deyil”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin sədr müavini, Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi elçisi Ruben Rubinyan deyib.
Ermənistan-Türkiyə münasibətləri ilə bağlı sualı cavablandıran Rubinyan qeyd edib ki, son zamanlar əhəmiyyətli inkişaflar baş verib: “Xüsusən də birbaşa ticarət qurulub və Ermənistan Axalkalaki-Qars dəmir yolu xəttinə çıxış əldə edib. Altı ay əvvəl Ermənistan dəmir yolu çıxmaz nöqtəsi idi, dalan idi və maksimum Potiyə qədər mal ixrac edə bilirdisə, indi Azərbaycan ərazisindən keçən dəmir yolunun açılması ilə Avropadan Suriyayadək, istənilən yerə mal göndərə bilər”.
Rubinyan həmçinin Gümrü-Qars dəmir yolunun yenidən qurulması üçün komissiyanın yaradılmasını xatırladıb: "Biz marşrutun mümkün qədər tez istifadəyə verilməsini, eləcə də bütün razılaşmaların həyata keçirilməsini gözləyirik".
Türkiyənin sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmaq barədə razılaşmanı niyə yerinə yetirmədiyi soruşulduqda, Rubinyan bunu bilmədiyini, amma razılaşmanın həyata keçiriləcəyinə və yuxarıda sadalanan addımların buna kömək edəcəyinə ümid etdiyini deyib.