“Qərbi Zəngəzur Azərbaycana qaytarılmalıdır”

Aktual

14.03.2024 - 13:56

Sabiq nazir: “Azərbaycan ilə Ermənistan arasındakı sərhədlərin müəyyənləşməsində 1920-ci il xəritəsi əsas götürülməlidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında yenidən ərazi bütövlüyü məsələsi, sərhədlərin delimitasiyasından danışıb. Azərbaycanın işğalda olan kəndlərinin qaytarılması mövzusu barədə sualı cavablandırarkən Paşinyan SSRİ dövrü xəritələrindən danışıb və Ermənistanın xəritəsini əlində tutaraq izah etməyə çalışıb.

Baş nazir Qazağın işğaldakı kəndləri barədə deyib ki, Ermənistan ərazisində adları Azərbaycan mətbuatında yayılan kəndlər heç vaxt olmayıb: “Tavuş marzının kəndləri ilə bağlı heç vaxt söhbət olmayıb və ola da bilməz. SSRİ dövründə mövcud olan keçmiş sərhəd var, sərhədin o tayında olan Azərbaycandır, bu tayında olan isə Ermənistandır”.

Paşinyan delimitasiya prosesinin Tavuşdan başlayacağını istisna etməyib: "Danışıqlar prosesində bəzən belə təəssürat yaranırdı ki, biz müəyyən reallıqları nəzərə alaraq, müəyyən ərazi mübadiləsi apara bilərik. O mənada ki, de-yure sərhəd burada olsa da, faktiki reallıqları nəzərə alaraq, müəyyən dəyişikliklər etməliyik. Belə imkanlar böyük deyil və prosesi deformasiya edə, əlavə risklər gətirə bilər.  Mütəxəssislərimizin rəylərindən sonra əmin oldum ki, çaşqınlıq, düşüncə və perspektiv problemi var. Mən həmişə demişəm ki, demarkasiya və delimitasiya prosesi ən qısa zamanda həyata keçirildikdə paralel olaraq üç mühüm şərt təmin olunacaq: gedən prosesin hüquqi əsası, funksional məsələlərin həlli və təhlükəsizlik. Delimitasiya olunmuş sərhəd artıq həmin sektorun uzunmüddətli sabitliyi üçün dəmir zəmanətə çevrilməlidir”.

Baş nazirin ikibaşlı açıqlaması ərazi bütövlüyü məsələsi ilə bağlı əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir. Analitiklər bildirirlər ki, Ermənistan siyasi elitası belə söz oyunları ilə, prinsiplərini pozduqları Alma-Ata Bəyannaməsini gündəmə gətirməklə zaman qazanmağa çalışır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov deyib ki, Paşinyan müxtəlif vaxtlarda zidiyyətli bəyanatlarla gündəm yaradır:

- Dünən bir bəyanat səsləndirir, bu gün isə onun ziddinə danışır. Paşinyanın son bəyanatı göstərir ki, İrəvan ərazi bütövlüyünü necə təsəvvür edir. Bir xəritə çıxardı, guya ora Ermənistandır. 2018-ci ildən bu günədək keçən müddətdə artıq neçənci dəfədir ki, Paşinyan Ermənistanın ərazi bütövlüyü barədə fikir səsləndirir. Birinci bəyanatı o vaxt işğalda olan Xankəndidə səsləndirdi, “Qarabağ Ermənistandır və nöqtə” dedi. O vaxt rəsmi İrəvanın fikrincə, Ermənistanın ərazi bütövlüyünə keçmiş Dağlıq Qarabağ və ətraf ərazilər daxil idi. Yəni onlar hesab edirdilər ki, Azərbaycanla sərhəd təxminən Beyləqan yaxınlığında olmalıdır. Sonra İkinci Qarabağ müharibəsi baş verdi, Azərbaycan qalib gəldi, ərazilərini işğaldan azad etdi. Bundan sonra isə Ermənistan rəsmiləri ərazi bütövlüyü ilə bağlı başqa fikirlər səsləndirdilər. Biz görürük ki, Ermənistan siyasi elitası böhrandadır.

Ermənistan müstəqilliyini bərpa edəndən sonra bu ölkənin əsas ideyası anneksiya, qonşulara ərazi iddiası ideyasıdır. Bunun nəticəsində Azərbaycanla münaqişə yaranıb. Problemin yaranması tarixinə baxmaq lazımdır ki, Ermənistanın nə istədiyini, bəyanatlarla hansı oyun oynadığını anlayaq.

- Bu, hansı oyundur?

- Bu, köhnə oyundur və hələ də davam etdirirlər. Söhbət ərazi iddiasının davam etməsindən gedir. Baxın, SSRİ dağılan vaxtı, 1991-ci ildə Alma-Ata Bəyannaməsinə uyğun olaraq, postsovet ölkələri ümumi prinsip qəbul edib ki, respublikaların SSRİ vaxtındakı administrativ sərhədləri müstəqil dövlətlərin sərhədi sayılır. Ermənistan o zaman Azərbaycanla bağlı həmin prinsipi, Alma-Ata Bəyannaməsində qəbul edilən prinsipi qəbul etməyib. Demək ki, 1991-ci il sərhədləri, həmin administrativ sərhədlər Ermənistanla Azərbaycan arasında de-fakto yox idi. Çünki 1989-cu ildən etibarən Ermənistan Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağı qanunla özlərinə birləşdirib. Sonra ərazilərimizin işğalına başladılar və işğaldan sonra da ərazilərimizlə bağlı qondarma qanunlar qəbul etdilər. Faktiki olaraq Ermənistan qanunvericiliyində anneksiya siyasətini dəyişməyib, Alma-Ata Bəyannaməsindəki prinsiplər işləmir. Demək ki, yeni prinsip olmalıdır, yeni prinsiplər tapılmalıdır ki, iki ölkənin sərhədləri o prinsiplər əsasında müəyyənləşsin. Biz yeni prinsip axtarmalıyıq, çükni Alma-Ata Bəyannaməsinin prinsipləri bizə şamil oluna bilməz.

- Yeni prinsip necə olmalıdır?

- 1920-ci ildə indiki Ermənistanın – o vaxt Ararat Respublikası adlandırırdılar – 9 min kvadrat kilometrə qədər ərazisi olub. Amma SSRİ dövründə bu ərazi üç dəfə artıb - təbii ki, Azərbaycan əraziləri hesabına. Ermənistan 1988-ci ildən etibarən ərazi iddiaları ilə çıxış edibsə, bu iddialarla münaqişə təşəbbüskarı olubsa, deməli biz münaqişənin tərəfi olmalıyıq. Vəziyyət indi o səviyyəyə çatıb ki, Azərbaycan da ortaya öz mövqeyini tam və qəti şəkildə qoymalıdır. Əslində bu mövqe qismən də olsa, Bakı tərəfindən açıqlanıb. Bizim rəsmi mövqeyimiz ondan ibarətdir ki, sərhədlərin müxtəlif hissələrinə aid müxtəlif illərin xəritələri əsas götürülə bilər.

Mən istisna etmirəm ki, 1920-ci ildəki sərhədlər prinsipinə qayıda bilərik, daha doğrusu qayıtmalıyıq. Məlumdur ki, 1920-ci ilin aprelində bolşevik Rusiyası Azərbaycanı işğal edib, amma Ermənistanı noyabr ayında işğal edib. Arada 6-7 ay fərq var və bu aylar ərzində bizim aramızda sərhədlər olub. Bu sərhədlərdə “Qırmızı ordu” əsgərləri dayanmışdı. Hesab edirəm ki, aradakı 6-7 ay müddətində olan sərhəd Azərbaycan ilə Ermənistan arasındakı sərhədlərin müəyyənləşməsində əsas götürülməlidir.

- Yəni ki, Qərbi Zəngəzur Azərbaycana qaytarılmalıdır?

- Əlbəttə, qaytarılmalıdır. Bu prinsiplərlə sərhədlərin müəyyənləşdirilməsinə əsaslar var. Çünki bolşevik Rusiyası Azərbaycanın Kərki kəndi istiqamətindən İrəvana hücuma keçərkən Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz edib, nota verib ki, ərazi bütövlüyü pozulub. Demək ki, Ermənistan bolşeviklərin hücumundan əvvəlki 6 ay ərzindəki sərhədlərini tanıyırdı. Həmin sərhədlər çərçivəsində isə Ermənistanın ərazisi təxminən 9 min kvadrat kilometr idi. Demək ki, Zəngəzur da, Göyçə də Azərbaycana qaytarılmalıdır.

- Sizcə, bu, kifayət qədər maksimalist mövqe deyil ki?

- Yox, kifayət qədər kompromis variantdır. Tarixi ədalət çox vacib məsələdir. Mən bu variantı səsləndirməklə demirəm ki, gedək sabah Zəngəzura hücum edək. Söhbət ondan gedir ki, əgər Ermənistan hər yerdə ərazi bütövlüyü, sərhədlər mövzusunu münaqişənin əsas mövzusu kimi təqdim edirdisə, biz niyə tarixi sərhədlər məsələsini gündəmə gətirməyək?! Bizim tam haqqımız və əsasımız var ki, müdafiə strategiyasından, taksikasından hücum taktikasına keçək. Siyasi danışıqlarda bu mövqeni sərgiləməklə bəzi həqiqətləri beynəlxalq gündəmə gətirməklə sülh istiqamətində vacib addım atmış olarıq.

Müəllif: Anar Bayramoğlu