“Qarabağ klanı” yenidən hərəkətlənir, amma: “Xalq onlardan da, daşnaklardan da bezib”

Dünya

06.02.2024 - 21:51

Erməni politoloq: “Onlar xalqı düşünmürlər, nəyin bahasına olursa-olsun ölkəni zəiflətmək üçün daxili qisas almaq arzusundadırlar”

Ermənistan müxalifəti yenidən etiraz aksiyalarına başlamaq niyyətindədir. Müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı təklifini qəbul etmədiyini, xalqı yenidən hökumətə qarşı etiraza qalxmağa səsləyir. Məsələn, Ermənistan Milli Assambleyasının “Ermənistan” müxalifət fraksiyasının deputatı, sabiq Prezident Robert Köçəryanın oğlu Levon Köçəryan müxalifətin yenidən küçə aksiyalarına başlayacağını bildirib.

Köçəryan əmin edib ki, həm o, həm də “Ermənistan” bloku hazırkı hökumətin və Baş nazirin siyasəti ilə razı deyil: “Mübarizə aparacağıq. İndi bizim üzərimizdə cəmiyyətimizə izah etmək, onu birtəhər inandırmaq, gözünü açmaq vəzifəsi var ki, bu da bizim işimizdir”.

Onun sözlərinə görə, bu fəaliyyət müxtəlif yollarla həyata keçirilir: “Həm parlamentdə - sual-cavab, ayrı-ayrı deputatlar tərəfindən başqa məsələlərin irəli sürülməsi, həm də parlamentdən kənar, müxtəlif görüşlər, regional səfərlər vasitəsilə bu həyata keçirilir. Bunun nə dərəcədə effektiv olduğunu müxtəlif cür qiymətləndirmək olar”.

Küçə etirazlarının yenidən başlamasının mümkün olub-olmadığı barədə suala isə deputat “əlbəttə, mümkündür” deyə cavab verib.

Deputatın sözlərinə görə, hökumət Konstitusiyanın dəyişdirilməsi ilə bağlı cəmiyyətin reaksiyasını anlamağa çalışır. "Ən azı şəxsən mənim üçün onların etmək istədikləri qəbuledilməzdir".

Bununla yanaşı, keçmiş Prezident Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının sədr müavini, hazırda Nubaraşen cəzaçəkmə müəssisəsində cəza çəkən siyasi məhbus Armen Aşotyan ermənilərə müraciət edib. Aşotyan müraciətində iddia edib ki, hakimiyyət dəyişikliyi təkcə mümkün deyil, həm də zəruridir:  “Geniş miqyaslı repressiyalara baxmayın, bunlar Nikolun zəifliyinin nəticəsidir. Hakimiyyətdəkilərin həyasızlığına baxmayın, bunlar Nikola və ona qulluq edənlərə inamsızlığın nəticəsidir. İndi ölkəmiz elə bir vəziyyətdədir ki, onun dərdini götürəcək insanlara ehtiyacı var. Gəlin xalq olaraq Nikol hakimiyyətini dəyişəyin”.

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistan müxalifəti hökuməti devirmək üçün bir neçə küçə aksiyası keçirib, lakin onların hamısı uğursuzluqla başa çatıb.

Erməni analitik Tevos Arşakyan isə hesab edir ki, indiki erməni müxalifətinin çağırışı ilə Paşinyan hakimiyyətini devirmək üçün xalq etirazlara qalxmayacaq. Politoloq bildirib ki, Köçəryan, Sarkisyan və onların əlaltılarının sayəsində Ermənistan 44 günlük müharibədə Azərbaycana məğlub olub: “Çünki onlar ordunu, xalqı qarət ediblər. Məhz onlar ölkəni əzablara sürükləyiblər, zəiflədiblər. Bəlkə də Ermənistanın talanında iştirak etməyən hansısa siyasətçi belə çağırış etsəydi, yəqin ki, cəmiyyətin bir hissəsi ona inanardı. Amma xalqa xoş gələcək vəd edənlər Köçəryan və Sarkisyandır ki, xalq onlara inanmır. 2018-ci ildəki inqilabın sadəcə olaraq tarixin və siyasətin kənarına atdığı bu çılğın və mənimsəyən Sərkisyanın partiyasından olan adamın çağırışı gülməlidir. Aşotyan 6 il əvvəl ölkə vətəndaşlarının böyük əksəriyyətinin tam təslim olmasını tələb etdiyi partiyanı təmsil edir. Aşotyana xatırlatmaq istərdim ki, 2018-ci ilin yazında xalqımız təkcə ölkə rəhbərliyinin, yəni hökumətin və Respublika Partiyasının rəhbəri Sarkisyanın dəyişikliyini deyil, həm də o vaxtkı siyasi sistemin dağıdılmasını tələb etdi və buna nail oldu. Eləcə də Levon Köçəryanın atasının hakimiyyəti illərini xalq unutmayıb”.

“Xalq “Qarabağ klanı”ndan, Köçəryan və Sarkisyandan, və daşnaklardan bezib. Respublika Partiyası 2018-ci ildəı dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkiləri zamanı parlamentə düşmək üçün 5 faizlik baryeri belə aşa bilmədi. Seçicilər inzibati resurslardan istifadə edərək, manipulyasiya yolu ilə parlamenti öz nəzarətində saxlayan bir vaxtların hakim partiyasına münasibətini belə nümayiş etdirdilər. Bunu Sarkisyan və onun müavini unudub?”, - deyə Arşakyan sual edib.

Analitik qeyd edib ki, əgər 44 günlük müharibədə acı məğlubiyyət olmasaydı, onda Sarkisyanın, Köçəryanın partiyalarından,  daşnaklardan bir nəfər də parlamentə düşə bilməzdi: “Sadəcə məğlubiyyəti həzm edə bilməyən kəsim Paşinyana acığından gedib bunların partiyasına səs verdi, bunların da bir neçə nümayəndəsi deputat oldu. İndi də Köçəryan, Sarkisyan, daşnaklar və Respublika Partiyası fəal şəkildə cəmiyyəti qütbləşdirmək və parçalamaqla məşğuldur. Onlar xalqı düşünmürlər, nəyin bahasına olursa-olsun ölkəni zəiflətmək üçün daxili qisas almaq arzusundadırlar və bundan istifadə edərək Paşinyanı devirmək istəyirlər”.

“Onlar uğur qazanacaqlarmı? Əlbəttə, yox. Çünki onlar hakimiyyətləri zamanı etdiklərini xalqın yaddaşından silinə bilməzlər. Onlar hakimiyyət dəyişikliyinin nəinki mümkün, həm də zəruri olduğu barədə istədikləri qədər danışa bilərlər. Bu baş versə belə, onların rəhbərliyi altında olmayacaq”, - deyə politoloq fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla