“Ağacları xüsusi icazə almadan, heç bir razılaşma, məsləhətləşmə aparmadan kəsirlər, sonra da qanunla üz-üzə qalırlar”
“Şəhər yaşıllıqlarına böyük təhlükə əsasən iki istiqamətdən olur”. AYNA APA-ya istinadən bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, bunlardan biri bina tikintisi ilə məşğul olan Mənzil-Tikinti Kooperativləridir (MTK): “Bina tikmək üçün onlara ərazi azlıq edir, hansısa ağacları xüsusi icazə almadan, heç bir razılaşma, məsləhətləşmə aparmadan kəsirlər, sonra da qanunla üz-üzə qalırlar. Çünki şəhər yaşıllığında orta ölçülü bir ağacın kəsilməsi artıq cinayət məsuliyyəti yaradır. Son bir ildə onlarla belə ağac kəsilməsi müəyyən olunub və Baş Prokurorluğa müraciət olunub, hamısı haqqında da cinayət işi başlanıb. Bu o deməkdir ki, onlarla MTK şirkəti qanunla üz-üzə qalıb və onların vəzifəli şəxsi həbs olunub”.
Dövlət Xidmətinin rəisi qeyd edib ki, ikinci təhlükə şəhərlərin icra orqanlarının bəzi hallarda qanunvericiliyə əməl etmədən, müvafiq icazə almadan qurumuş, yarım qurumuş ağacları kəsməsidir: “İcra orqanları birbaşa yaşıllıqlara qulluq etməlidir, budama xidməti aparmalıdır. Lakin əksər hallarda budama elə aparılır ki, o ağaca ziyan dəyir, gələcəkdə quruyur. Digər hallarda isə ağacın ümumiyyətlə qorunması sual altında olanda Dövlət Ekoloji Ekspertiza Agentliyindən müvafiq icazə almadan ağacı kəsirlər. Baxmayaraq ki, onlar dövlət qurumudur, onlara da eyni qaydada eyni maddi sanksiyalar tətbiq edilir və ziyan məbləği yüksək olduqda cinayət məsuliyyəti yaranır”.