Polşa qoşunları Ukraynada döyüşlərə qatılsın? - Polyaklar arasında SORĞU

Dünya

06.05.2022 - 17:13

Polşa vətəndaşlarının 56,8 faizi qoşunlarının Ukraynada sülhməramlı missiyada iştirakın tərəfdarıdır

Polşada vətəndaşlarının çoxu hesab edir ki, əgər NATO, BMT və ya Avropa İttifaqı tərəfindən təşkil olunarsa, Polşa əsgərləri Ukraynada sülhməramlı missiyada iştirak etməlidirlər. Bu, "Rzeczpospolita" qəzetinin sifarişi ilə IBRiS Mərkəzinin sorğusunun nəticələrində qeyd edilib.

Dərc edilmiş məlumatlara görə, respondentlərin 56,8 faizi Polşa qoşunlarının Ukrayna ərazisinə daxil edilməsini dəstəkləyir. Sorğuda iştirak edən polşalıların 32,5 faizi bunun əleyhinə çıxıb, 10,7 faizi isə suala cavab verməkdən imtina edib. 

Sorğunun nəticələrində qeyd olunur ki, Polşanın hazırkı iqtidarının və müxalifətinin tərəfdarlarının rəyləri demək olar ki, eynidir - müvafiq olaraq 63 və 64 faiz təşkil edir. Eyni zamanda, Polşa qoşunlarının Ukraynaya göndərilməsini ən çox 30 yaşdan yuxarı, kişi və ali təhsilli vətəndaşlar dəstəkləyib.

Mayın 6-da polşalı politoloq Konrad Renkas bildirib ki, Varşava könüllüləri və muzdluları Ukraynaya döyüşmək üçün göndərib. Onun sözlərinə görə, Ukrayna ərazisində xarici hərbçilərin mövcudluğu genişlənəcək. Çünki onlar Qərb dövlətləri tərəfindən Kiyevə verilən silahlardan lazımi şəkildə istifadə etmək bacarığına malikdirlər.

Xatırladaq ki, aprelin 28-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin Ukrayna ərazisinin bir hissəsinə "Polşanın nəzarət yaratmaq planları" olduğunu açıqlayıb. Onun sözlərinə görə, Polşa ABŞ-la birlikdə Varşavanın “tarixi əraziləri” üzərində hərbi-siyasi nəzarətinin yaradılması planını hazırlayır.

Elə həmin gün Polşa Müdafiə Nazirliyi hərbi təlimlər elan edib və məlumat verib ki, mayın 1-dən ayın sonuna kimi ölkənin şimal və şərqində hərbi texnika kolonlarının ağır hərəkəti olacaq. Bununla belə, nazirlik Qərbi Ukrayna üzərində "nəzarətin yaradılması planları" ilə bağlı iddiaları təkzib edib. 

Müəllif: Turan Abdulla