Yevlax DAİM-də layihə çərçivəsində yekun seminar keçirilib
Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Pestisidlərin təhlükələri barədə icma maarifləndirmə təşəbbüsü" layihəsi çərçivəsində yekun seminar təşkil olunub.
AYNA.AZ seminarda fermerlər, Yevlax DAİM-in əməkdaşları, yerli icra hakimiyyətinin nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihənin rəhbəri Musa Muradlı çıxış edərək bildirib ki, tədbirin keçirildiyi gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə təsadüf edir.
O, bu münasibətlə iştirakçıları təbrik edib, layihənin məqsədi, həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Musa Muradlı layihənin reallaşmasına göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının QHT Agentliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib. O, eyni zamanda ölkədə vətəndaş cəmiyyəti institutlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Daha sonra Yevlax DAİM-in direktoru Abbasəli Rüstəmov və QHT nümayəndəsi Rasim Zeynalov çıxış edərək layihənin əhəmiyyətindən, pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin fermerlər üçün faydasından danışıblar. Layihənin eksperti, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev pestisidlərin daşınması, saxlanılması, tətbiqi qaydaları, insan sağlamlığına və ətraf mühitə təsirləri barədə təqdimatla çıxış edib, fermerlərin suallarını cavablandırıb. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub. Qeyd edək ki, layihənin əsas məqsədi fermerlər arasında pestisidlərdən təhlükəsiz və düzgün istifadə vərdişlərinin formalaşdırılması, onların insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində maarifləndirmə işinin gücləndirilməsidir.