“Sadəcə pasportunuz yanınızda olmalıdır və biletin qiyməti cəmi iki avro olacaq”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarının "ən geci iki il ərzində" Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişinin olacağına zəmanət verib. Bu barədə AYNA.AZ erməni mediasına istinadən bildirir.
"Deyirik ki, ən geci iki il ərzində Avropa İttifaqı ilə vizasız gediş-gəlişimiz olacaq. Bu o deməkdir ki, Şirak hava limanından Larnakaya gedə biləcəksiniz. Sadəcə pasportunuz yanınızda olmalıdır və biletin qiyməti cəmi iki avro olacaq", - deyə Ermənistanın Baş naziri ölkənin Şirak bölgəsində seçicilərlə görüşdə bildirib.
Görüş yerli televiziya kanalları tərəfindən yayımlanıb.
Qeyd edək ki, Ermənistan və Aİ arasında viza liberallaşdırılması ilə bağlı danışıqlar rəsmi olaraq 2024-cü ilin dekabrında İrəvanda başlayıb. Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan əvvəllər Aİ ilə viza liberallaşdırılması prosesində əhəmiyyətli irəliləyişlər olduğunu açıqlayıb.