Yarışların olmaması səbəbindən yaranan boşluğu doldurmaq müşkülə çevrilib
Pandemiya səbəbindən son bir ildə Azərbaycanda idman yarışları keçirilmir. Ölkə futbolunda əvvəlki dinamika yoxdur. İdmançılar məşqləri yadırğayıb.
Proses idman jurnalistikasına necə təsir göstərib? Son bir ildə idman mediası oxucularını qoruya bilibmi? AYNA suallarını idman jurnalistlərinə ünvanlayıb.
Elşən Məmmədovun sözlərinə görə, karantinin ilk vaxtlarında pandemiya ilə bağlı xəbərlər, çoxsaylı idmançıların koronavirusa yoluxmaları, müxtəlif yarışların təxirə salınması kimi xəbərlər oxucu toplaya bilirdi: “Amma sonradan yarışların olmaması üzündən yaranan boşluğu doldurmaqda çətinlik çəkdik. Nəticədə bu, oxucu sayının azalmasına gətirib çıxardı”.
“Vətən müharibəsi dövründə idmançılarımızın Orduya dəstəyini ifadə edən xəbər və açıqlamalar oxucu sayına müsbət təsir göstərdi. Müharibədən sonrakı dövr isə tam durğunluq yaradıb. Artıq oxucular koronavirusa yoluxma xəbərlərinə də laqeyd yanaşırlar”, - həmsöhbətimiz bildirib.
Məmmədovun qeyd edib ki, əslində Yay Olimpiya və Paralimpiya Oyunları, həmçinin futbol üzrə Avropa çempionatı ərəfəsində idman xəbərləri daha böyük maraqla qarşılanmalı idi: “Amma nüfuzlu yarışların baş tutması sual altında olduğundan xəbərlər də qıtdır, oxucular da”.
Natiq Muxtarlı da hazırda idman jurnalistikasının oxucu problemi yaşadığını söyləyib: “2020-ci ilin əvvəlində başlayan pandemiya nəinki idman yarışlarını, idman xəbərlərini də arxa plana atdı. Dünyada bütün idman yarışları dayandırıldığı halda, insanları ancaq sağlamlıqları düşündürürdü. İlin ikinci yarısında isə Azərbaycan Vətən müharibəsi ilə nəfəs alırdı. Həmin vaxt insanları heç sağlamlıqları da düşündürmürdü. İnsanlar qələbə naminə hər cür fədakarlığa hazır idi”.
“Belə məqamda idman xəbərləri kimsəni maraqlandırmırdı. Təsadüfi deyil ki, bir neçə idman saytı cəbhə xəbərlərini yayırdı. Bu yöndə gəldiyim qənaət o oldu ki, idman xəbərlərinin oxucuları tam fərqli kontingentdir. Onlar, demək olar ki, ictimai-siyasi saytlara daxil olmurlar. İdman xəbərlərinin oxucuları cəbhə xəbərlərini yayan idman saytlarına yönəldilər. Yəni cəbhə xəbərlərini yayan idman saytlarının oxucu sayı artdı. Onlardan bəzisi hələ də Ordumuz, əsgərlərimizlə bağlı xəbərlər yayırlar və yaxşı da oxunur”, - deyə idman yazarı vurğulayıb.
Muxtarlı əlavə edib ki, idman xəbərlərinə maraq bu ilin əvvəlindən tədricən bərpa olunmağa başlayıb: “Avrokuboklarda fasilənin bitməsi də bunda müəyyən qədər rol oynayıb. Düşünürəm ki, Avropa çempionatı və Olimpiadanın təxirə salınmayacağı təqdirdə, idman xəbərlərinə maraq getdikcə artacaq”.