Nazirlər Kabinetindəki “yadplanetlilərə” müraciət – AXI NİYƏ?!

Cəmiyyət

29.03.2024 - 13:21

Çörəyini əlindən aldığın insanlar sabah kriminal ünsürlərə çevrilərsə...

Adama elə gəlir ki, bu Nazirlər Kabinetində oturan bəziləri, sanki, Yer kürəsinə Aydan gəliblər və Azərbaycan reallığını ya anlamırlar, ya da insanları qəsdən narazı salmağa çalışırlar. Söhbət Nazirlər Kabinetinin taksilərlə bağlı son qərarından gedir. Qərarda deyilir ki, taksilər ağ və qırmızı rəngdə olsun, salonda kamera çəksin və s.

Amma əsas tələb buraxılış müddəti 15 ildən artıq maşınların reysə buraxılmamasıdır. Elə ən böyük əmma da burda çıxır. İndi mən çalışacam ki, vətəndaşların yerinə İctimai Fikir adı ilə Nazirlər Kabinetinə suallarımı ünvanlayım.

Salam, ay Nazirlər Kabineti! Qədim zamanlarda ölkəni idarə edənlər arada təğyiri-libas olur, camaat arasına çıxır, insanların real olaraq necə yaşadıqlarını öyrənir və buna uyğun da qərarlar verirdilər. Sən də elə et. Yəqin ki, heç zaman eləməmisən. Çünki, sən elə qərarlar verirsən ki, bilinmir, türklər demiş, sənin amacın nədir.

Taksilərlə bağlı verdiyin qərar ilk baxışdan ideal görünür: ölkənin taksi parkı yenilənir, ekologiyanın qeydinə qalırsan və s. Amma bu qərarı verəndə fikirləşmisənmi ki, nə qədər insanın çörəyinə bais olursan? Düşünmüsənmi ki, çörəksiz qoyduğun bu qədər insanın mənfi enerjisi yığılıb, haradasa sənin özünə problem yarada bilər? Hesab eləmirsənmi ki, “ac qılınca çapar” və sənin bu qərarınla gündəlik çörəksiz qalan insanlara görə ölkədə kriminal vəziyyət pisləşəcək? 

Bilirəm, deyəcəksən ki, “elə həmin bu narazı insanlardır, özünü apara bilməyən taksi sürücülərindən, köhnə maşınlardan şikayət edən”. Bəli, insanlar narazıdır, amma sən bu narazılığı necə həll etdin? Keç güzgünün qabağına və mən sənə sənin bu istiqamətdə necə işlədiyini faktlarla isbat etdikcə, bax gör, gözün qızarırmı, üzündə səpkilər əmələ gəlirmi.

Ay Nazirlər Kabineti! Bir müddət əvvəl sürücülərin sertifikasiyası üçün xüsusi məktəb yaratmadınmı? Orada sürücülər gəldi və müəyyən pul ödəyəndən sonra etika-estetika, özünü cəmiyyətdə aparmaq qaydalarını öyrəndilər. Və onların sürdükləri maşınların çoxunun yaşı 15-i keçmişdi. Əgər indiki qərarı verəcəkdinsə, onda insanlardan əlavə pullar niyə yığılırdı? Hara getdi o pullar?

Yüzlərlə adam tanıyıram ki, işdən sonra hansısa taksi şirkətinə yazılıb, evinə çörək pulu aparır. Bəli, maşınlar təzələnməlidir. Amma bu proses tədricən olmalıdır. İnsanları bir gündə çörəksiz qoymaq olmaz axı!

Hanı sənin əvvəlcədən pulunu yığdığın utilizasiya proqramın? Axı, xaricdə bu proqramla köhnə maşınları yaxşı qiymətə vətəndaşdan alıb, ona uyğun şərtlərlə kreditlə yeni maşın verirlər ki, zülmə düşməsin. Yeni maşınını sürüb, həyatını davam edir. Bizdə isə ölkəyə maşın gətirəndə rəsmini xeyli aşan qeyri-rəsmi gömrük yığımlarından xəbərin olmamış olmaz. Üstəgəl “QAİ”-də qeydiyyat pulu, üstəgəl yol pulu, üstəgəl utilizasiya pulu, üstəgəl... nəfəs alma pulu. Bununla nəyə nail olmaq istəyirsən?

Maşınları abıra salmaq üçün, o adını üzərlərinə yapışdırmaq barədə qərar qəbul etdiyin AYNA ilə birgə, arada bir həqiqi aynaya baxın. Maşınların əksəriyyətinin köhnə, nasaz olduğunu iddia edirsənsə, onda bu maşınlar texniki baxışdan necə keçir? Yolda maşın nasazdır, tüstüləyir? Götür bas “ştrafnoya”. Qoy getsin düzəltdirsin. Daha əlindən niyə alırsan? Bu qədər insan cibinə uyğun maşın gətizdirib, əlavə çörək pulu qazanır.

Ümumiyyətlə, sən köhnə avtoparkın yenilənməsi üçün nə etmisən? İndi deyirsən ki, taksi fəaliyyəti üçün 15 ildən cavan maşın olmalıdır. Əgər kiminsə 13 illik maşını varsa, o, nə etməlidir? İki ildən sonra maşını satıb, yenisini almalıdır? Yenisi neçəyədir, bilirsən? Yoxsa salonlardan və bazardan xəbərin yoxdur? Yoxdur, canın sağ olsun, “turbo.az”-a gir bax...

Elə tələblərdə olan “avro-5” standartı ilə bağlı da oxşar sualı verə bilərəm: sənin buraxdığın Aİ-92 markalı benzinlə “avro-5” maşın necə işləyəcək? Yoxsa təklif edirsən ki, taksilər xaricdən aldığımız Aİ-95 töksünlər? Yəqin bilmirsən, amma məlumat üçün deyim ki, onun bir litri 2 manatdır. Bu qiymətə benzin tökən taksi ilə yol pulu da baha olacaq və kimin cibindən ödəniləcək? Bəli, düz tapdın, sənin guya ki, dərdini çəkdiyin, problemlərini həll etmək istədiyin, əslində isə rahat gedən işinə də barmaq elədiyin vətəndaşların – bizlərin...

Yəni, sözümün canı nədir, ay Nazirlər Kabineti! Bir gün pulgir bir həkim olur, pul verilmədən ölümcül xəstəyə də baxmır. Və elə gün gəlir ki, qəza baş verir. Cavan bir oğlanı gətirirlər xəstəxanaya. Həkimə deyirlər ki, hələ yiyəsi gəlməyib, amma gələcək, gəl ona bax, ölür. Həkim deyir ki, yiyəsi gəlməsə, əlimi də vuran deyiləm. Oğlan ölür və məlum olur ki, o, həmin bu həkimin öz oğlu imiş.

İndi taksilərlə bağlı bu qərarı verəndə fikirləş ki, işsiz qalan insanlar evdə balalarını yedirmək üçün əllərində bıçaq dar bir tində başqa insanlara hücum edəcəklər, soyacaqlar. İndi isə gözünü aç, qarşısında dayandığın aynada özünə yaxşıca bax aç və təsəvvür et ki, həmin tindən piyada keçən və soyğuna məruz qalan sənin oğlun, qızın və ya hansısa qohumundur...

P.S. Bu sualları iki gündür maşınlarında getdiyim sürücülərin söhbətləri əsasında formalaşdırmışam və Nazirlər Kabinetində oturanların aydan gələn “humanoidlər” olmadığını, reallıqları başa düşdüklərini sübuta yetirmələri üçün verilən qərarda yumşaldılmalar olmasını arzu edirəm. Ən azı həkimin oğlunun vəziyyətinə düşməmək üçün...

Müəllif: Yoldaş Mircəfər