Millimizin futbolçusu Azərbaycana gələ bilməyəcək

İdman

28.08.2020 - 17:36

Hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır

 

Xəbər verdiyimiz kimi, AFFA hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb. AYNA AFFA-nın saytına istinadən xəbər verir ki, hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.

 

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq dünəndən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ ki yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizin hazırda davam edən təlim-məşq toplanışında iştirak etməyəcək.

 

Qeyd edək ki, daha əvvəl millimizin digər iki legioneri – Dmitri Nəzərovla Eddi İsrafilovun gəlməyəcəyi dəqiqləşmişdi. Bu iki futbolçu pandemiyaya görə təhlükəli zonada yerləşən Azərbaycandan qayıtdıqdan sonra müvafiq olaraq Almaniya və İspaniyada karantinə alınacaqlarından milliyə qatılmaqdan imtina edib.

Müəllif: Ayna.az