"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniya "Sevilya"sını qəbul edib. AYNA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Sevilya"nın heyətində Xavyer Ernandes 62-ci dəqiqədə hesabı açıb.
“Çiçarito” ləqəbli meksikalı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 78-ci dəqiqədə isə Munir qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb. 85-ci dəqiqədə isə Oliver Torres fərqi daha da artırıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.