“Mammad Amin Resulzadeh” hadisəsi ilə bağlı cinayət işi açıldı

Hadisə

14.08.2019 - 17:11

Hadisəni törədən gəmi barəsində həbs qətimkan tədbiri seçilib

 

“Mammad Amin Resulzadeh” gəmisini vuran “Doric Warrior” gəmisi barəsində İstanbul Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. Gəmi barəsində isə həbs qətimkan tədbiri seçilib.

 

AYNA xəbər ki, bu barədə “Mammad Amin Resulzadeh” gəmisinin məxsus olduğu “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov şəxsi “Facebook” səhifəsində xəbər paylaşıb. “Əminəm ki, dünənki hadisədən sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq. Şadlıqlarından çürük və dayaz fantaziyalarını işə salıb gah yazıblar ki, gəmi yükludür, gah da yaziblar ki, gəmi köhnədir. Gülürəm bu yazdıqlarınıza, bunların toqquşma ilə nə əlaqəsi var?”, - deyə o yazıb.

 

Mənsimov gəminin köhnə olması barədə iddialara da münasibət bildirib: "“Gəmi köhnədir” yazırsız… Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yəni “Mammad Amin Resulzadeh” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək. Rəsulzadə adı nədən sizə belə ağır gəldi? Siz özünüzdən soruşun ki, bu ad üçün nə etmisiz?! Bu gəmi üzrə çox böyük bir şirkətlə müqavilə bağlanmışdı və buna əsasən, gəmimiz ilk yükünü daşımaq üçün səfərə hazırlaşırdı. Arzunuzu ürəyinizdə qoyacam, çünki 3-4 günə gəmi yenidən hazır olacaq”.

 

“Haşiyəyə çıxıb mühüm bir məsələni də vurğulamaq istəyirəm. Məndən tez-tez soruşurlar ki, nəyə görə, məhz indi gəmiyə “Mammad Amin Resulzadeh” adı qoyulur. Cavab çox sadədir. “Palmali” şirkəti hələ 1996-cı ildə aldığı “Omsk” adlı gəminin adını dəyişdirərək “Məmməd Əmin Rəsulzadə” qoymuşdu. Yəni, “Palmali”nin ilk 5 gəmisindən biri Azərbaycan xalqının dahi liderinin adını daşıyıb. Sonradan bu gəmi “Kend Shipping” şirkətinə satıldı”, - deyə şirkət rəhbəri vurğulayıb.

 

Qeyd edək ki, avqustun 13-ü gecə saat 22:25 radələrində, göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan “Mammad Amin Rasulzadeh” gəmisi İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub.

Müəllif: Ayna.az