Natiq Cəfərli: "Hər hansı məhdudiyyət tətbiq olunarkən insanlar alternativ yollar axtarmağa başlayırlar"
Ölkədə “card-to-card” əməliyyatlarına tətbiq edilən yeni məhdudiyyətlər iqtisadçı ekspert Natiq Cəfərlinin tənqidinə səbəb olub. AYNA.AZ xəbər verir ki, bu barəfə o, sosial media hesabında yazıb.
Ekspert hesab edir ki, bu addım qeyri-rəsmi dövriyyəni azaltmaq əvəzinə, əksinə, nağd puldan istifadənin artmasına gətirib çıxara bilər.
N.Cəfərli bildirib ki, indiyədək vətəndaşlar vəsaitlərini bank kartlarında saxlayır və heç bir problem olmadan kartdan-karta köçürmələr həyata keçirirdilər.
Onun sözlərinə görə, hər hansı məhdudiyyət tətbiq olunarkən insanlar alternativ yollar axtarmağa başlayırlar. “Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əslində əks effekt verəcək”, – deyə ekspert vurğulayıb.
Natiq Cəfərlinin fikrincə, yeni qaydalar insanların bank kartlarından istifadəsini azaltmağa səbəb ola bilər: “İnsanlar kartda pul saxlamaq əvəzinə bankomatdan vəsaitlərini nağdlaşdırıb ciblərində saxlamağa üstünlük verəcəklər. Yəni ölkə yenidən əvvəlki vəziyyətə qayıda bilər”, – deyə o bildirib.
Ekspert hesab edir ki, məhdudlaşdırıcı tədbirlərlə nə vergidən yayınma hallarını, nə də qeyri-rəsmi iqtisadiyyatı aradan qaldırmaq mümkündür.
Onun sözlərinə görə, bu kimi problemlərin həlli üçün qadağa və limitlərdən daha çox iqtisadi stimulların və şəffaf mexanizmlərin tətbiqinə ehtiyac var.