İrəvanda Şahramanyana həddi bildirildi: “Bu, separatçıya xəbərdarlıqdır”

Dünya

28.12.2023 - 21:55

Politoloq: “Separatçılar qanunları pozmaqda davam edərlərsə, barələrində cinayət işi qaldırılması, həbsə atılmaları mümkündür”

Ermənistan Daxili İşlər Nazirliyinin patrul dəstələri antiterror əməliyyatından sonra Ermənistana qaçan Qarabağın ləğv edilmiş qondarma qurumunun sonuncu “rəhbəri” Samvel Şahramanyanın avtomobilini İrəvanda saxlayıblar. AYNA erməni mediasına istinadən bildirir ki, səbəb separatçının kortej və cangüdənlərin müşayiəti ilə hərəkət göstərilib.

Patrul əməkdaşları Şahramanyana bildiriblər ki, qanuna görə, onun ölkədə kortejlə hərəkət etmək hüququ yoxdur.

Ermənistan DİN məlumatı təsdiqləyib. Nazirlik Şahramanyanın kortejinin yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanıldıqlarını, protokol tərtib etmədiklərini, sadəcə xəbərdarlıq edildiyini açıqlayıb.

Qeyd edilib ki, Ermənistanda yalnız dövlət himayəsində olan şəxslər, məsələn, Baş nazir Nikol Paşinyan, Milli Assambleyanın spikeri Alen Simonyan, Ermənistan Prezidenti, xarici işlər naziri və başqaları mühafizəçiləri və kortejləri ilə səyahət etmək imtiyazına malikdirlər.

Politoloq Qabil Hüseyinli AYNA-ya deyib ki, bu, Ermənistan hakimiyyətinin separatçıya xəbərdarlığıdır: “Son həftələrdə Qarabağda Azərbaycan Ordusunun sentyabrda keçirdiyi bir sutkalıq antiterror əməliyyatından sonra canını birtəhər qurtarıb İrəvana qaçan separatçı tör-töküntülər hərəkətlənmişdi. Onlar “iclaslar” keçirirdilər, qondarma qurumu “mühacirət hökuməti” adı altında Ermənistanda yaşadacaqlarını bəyan edirdilər. Ermənistan hakim dairələri isə bunu istəmir. Paşinyanyanın partiyasından olan deputatların bir neçəsi Şahramanyan və ətrafındakı separatçılara mesajlar verdilər ki, özünü “dövlət başçısı” kimi aparmasın, bu axmaq hərəkətlərə son qoysun. Görünür Şahramanyan bunu anlamayıb, kortejlə hərəkət edib, özünü “böyük vəzifə sahibi” sayıb. Ermənistan hakimiyyəti onun avtomobilini saxlamaqla növbəti xəbərdarlığını edib ki, axmaq iddialarından əl çəksin”.

“Hesab edirəm ki, separatçılar bundan sonra da iddialarından əl çəkməsələr, barələrində daha ciddi addımlar atıla bilər. Söhbət onların saxlanmaqlarından, hətta həbslərindən gedir. Onun avtomobil kortejinin saxlanması, bunun qanun pozuntusu olduğunun deyilməsi Paşinyanın ilk əməli addımı sayıla bilər. Separatçılar qanunları pozmaqda davam edərlərsə, barələrində cinayət işi qaldırılması, həbsə atılmaları mümkündür”, - analitik qeyd edib.

Q.Hüseynli hesab edir ki,  separatçıları hərəkətləndirən qüvvə var: “Bu qüvvə də məlumdur ki, onları himayə edən Rusiyadır. Rusiya eyni zamanda separatçılardan Paşinyan hökumətinə qarşı alət kimi istifadə etməyi planlayır. Bunu Paşinyan anlayır və öz hakimiyyətinə problem yaranmaması üçün sərt addımlar ata bilər”.

Müəllif: Turan Abdulla