İrəvanda məyusluq: arzular puça çıxır

İqtisadiyyat

16.05.2025 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistan İran körfəzi - Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi layihəsinə ümidlərini itirir

Vaxtilə Azərbaycana qarşı hərbi təcavüzə görə regional layihələrdən kənarda qalan Ermənistan mühüm beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün boş yerə ümid edir. Ermənistan hökuməti artıq bir müddətdir ki, özünün “Sülh kəsişməsi” təşəbbüsünə xarici sponsorları cəlb etməyə çalışır.

Amma indiyə qədər heç kim bu layihəni ciddi qəbul etməyib. Görünür, Ermənistan İran körfəzi - Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi layihəsinin yaxın gələcəkdə həyata keçirilə biləcəyinə də ümidini itirir. Belə ki, Ermənistan KİV-lərinin məlumatına görə, İrəvan İran körfəzi - Qara dəniz İTC layihəsinə üzv ölkələrin növbəti iclasının nə vaxt keçiriləcəyini bilmir.

Xatırladaq ki, İTC layihəsi üzrə işçi qrupunun nümayəndələrinin altıncı və indiyədək sonuncu iclası 2022-ci il aprelin 6-7-də Bolqarıstanda keçirilib. Orada Ermənistan, İran və Bolqarıstan nümayəndələri İran körfəzi - Qara dəniz sazişinin yekun variantının hazır olduğunu nəzərdə tutan iclasın protokolunu imzalayıblar. Bununla belə, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bəyan edir ki, hazırda İran körfəzi - Qara dəniz İTC üzrə sazişin imzalanması üçün dəqiq müddət yoxdur.

İran körfəzi - Qara dəniz İTC layihəsinin işə salınması ideyası ilk dəfə 2016-cı ildə İran tərəfindən səsləndirilib. Ermənistan, Bolqarıstan, Gürcüstan və Yunanıstan bu layihədə rəsmi olaraq iştirak edir. Layihə Tehranı İrəvan və Tiflis vasitəsilə Avropa ilə birləşdirməlidir. Ermənistan hakimiyyəti ümid edir ki, layihənin işə salınması ölkəyə regionda nəqliyyat rolunu artırmağa imkan verəcək.

Gördüyümüz kimi, layihənin təşəbbüskarı və əsas benefisiarı Qərbin sərt sanksiyaları altında beynəlxalq bazarlara çıxışı saxlamağa çalışan İrandır. Lakin layihədə iştirak edən ölkələrin bu nəqliyyat dəhlizini həyata keçirmək üçün kifayət qədər maliyyə resursları yoxdur. Bu, ilk növbədə İranın özünə aiddir. Hətta Şimal-Cənub nəqliyyat magistralını işə salmaq üçün Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üçün İran Rusiyadan maliyyə yardımı istəməli oldu.

Belə bir şəraitdə Tehran İran körfəzi - Qara dəniz layihəsinin həyata keçirilməsini necə maliyyələşdirə bilər?!

Bundan əlavə, ABŞ-ın bu layihənin mümkün reallaşmasına reaksiyası suallar doğurur. ABŞ NATO-dakı müttəfiqləri Yunanıstan və Bolqarıstanın İran təşəbbüsünün həyata keçirilməsində iştirakına icazə verəcəkmi? Əlbəttə, yox!

Yeri gəlmişkən, İranın alternativ və cəlbedici marşrutu var. Azərbaycan dəmir yolları ilə Rəşt-Astara dəmir yolu hissəsinin istifadəyə verilməsi ilə İran Ermənistan ərazisindən yan keçməklə Gürcüstanın Qara dəniz limanlarına çata bilər.

Bundan əlavə, son vaxtlar Azərbaycan-İran münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə müşahidə olunur ki, bu da digər məsələlərlə yanaşı, nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Azərbaycan və Gürcüstanın tranzit ərazisindən istifadə edərkən İran, hətta, böyük maliyyə xərcləri də qoymalı olmayacaq.

Beləliklə, Ermənistan üçün depressiv vəziyyət yaranır. Təsdiqlənmiş kommersiya hesablaması və regional reallıqlar İran körfəzi - Qara dəniz nəqliyyatı layihəsini perspektivlərdən məhrum edir və İrəvanın nəqliyyat baxımından əhəmiyyətli ölkə olmaq xəyallarını puça çıxarır.

Müəllif: Asif Aydınlı

Pin up casino Pin-up casino giriş