İfrazata ildə 380 milyon dollar...

Dünya

03.02.2022 - 12:47

Bu əntər bütün dünyaya kin, nifrət, nifrin, yalan-palan yaymaqla məşğuldur…

Marqarita Simonyanın rəhbəri olduğu “Russia Today” kanalının Alman xidməti ("RT Deutsch") rəsmi Berlin tərəfindən qadağan edildi…

“Russia Today” Kremlin beynəlxalq çoxdilli informasiya telekanalları şəbəkəsidir. O, əsas ingilisdilli informasiya kanalı "RT International", ABŞ-da ingilisdilli televiziya kanalı "RT America", Böyük Britaniyada ingilisdilli televiziya kanalı "RT UK", ərəbdilli "RT Arabic", ispandilli "RT Español", fransızdilli "RT France", almandilli "RT DE", ingilis və rus dillərində "RT Documentary", rusdilli "RT in Russian" saytı, "Ruptly video" xəbər agentliyi və "Maffick" media şirkətindən ibarətdir.

Marqarita Simonyan belə bir nəhəng, dünyada bənzəri olmayan bir “Beyin yuma” Media Holdinginə rəhbərlik edir. İllik büdcəsi 380 milyon dollar (!!!) olan bu Monstr, yəni Əntər bütün dünyaya kin, nifrət, nifrin, yalan-palan yaymaqla məşğuldur…

Almanların bu radikal addımı atması Ukrayna hadisələri fonunda böyük rezonansa səbəb olub. Ötən axşam Rusiya XİN-i belə hiddətləndiyini dilə gətirdi.

Gətirməzmi, əllərində belə bir silah və Simonyan kimi bir icraçı var.

Uşağını gedib ABŞ-da dünya gətirən, ancaq Amerikaya zəhər püskürən bir muzdludan hər şey gözləmək olar.

Neft və qaz pulları hesabına dünyaya ideoloji ifrazat yayan bu kanal dünya mediasının üz qarasıdır. Və ehtimal ki, almanlardan sonra proses “corab söküyü” kimi davam edəcək.

Onsuz da az qalıb…

Gedişləri də möhtəşəm olacaq…

Müəllif: İbrahim Nəbioğlu