“İçərişəhərdə”n bir “Bahar gəldi keçdi”

Mədəniyyət

29.04.2023 - 13:43

Ələkbər Tağıyevin ruhu hər birimizdə yaşayır

28 aprel – “Sözündən inciyə bilərəm” deyəndə “Könlümü dönməyə qoymaram” sədası ilə qəlbimizə həmdəm olan duyğuları notlara köçürənin- Ələkbər Tağıyevin doğum günü.

Həyatda hər birimizin əyninə biçilən fərqli rolları olur. Onun ilk rolu həyat yolundan ayrı görünsə də, əslində bu fərqliliyin içində də maraqlı bir təsadüf var. Hüquq təhsili alan Ələkbər Tağıyev nəğmələri ruhumuza hakim kəsilir. Dinmək istəyib dinə bilməyəndə ürəyimizin əvəzinə melodiyaları dil açır. "Səndən yar, sənə yar şikayətim var”, “Söylə, yadındamı” ilə məhəbbətin sədaqətini ən zərif şəkildə çatdıraraq dinləyiciləri melodiyaların sehrinə salır. Sevginin şirin gileyini notlarla sözlərin vəhdətində sevginin saflığını qulağımıza pıçıldayır: “O deyir astaca sevmirəm səni”.

Sevda şairi Mikayıl Müşfiqin sevgi dolu xahiş və təbəssümü də Ələkbər Tağıyevin musiqili tərcümanı olur. O, “Həsrətindəyəm” lə hicranın şirinliyini, “Gözləyəcəm” lə təmənnasız məhəbbəti, “Elə, baxma”, “Neylərəm”lə hüzn dolu zərif duyğunu- nigaranlığı ağ -qara dillərin yaddaşına həkk edir.

Bütün bu nəğmələrin fonunda isə çoxumuzun ilk notudan qəlbimizə toxunan melodiya səslənir- “Sən gəlməz oldun”. Nə qəribədir, “Deyirdin baharda görüşərik biz”lə qəlbimizdə yuva quran misralara nəğməli qanad verənin cismi ilə baharda vidalaşmaq. Bəli, sadəcə cismi ilə. Onun ruhu hər birimizdə yaşayır, ən azından bir gün belə olsa. Necə?! “İçərişəhərdə” də— “Vaqonlu İçərişəhərdə” bir ayaq saxlayıb, “Vaqif Mustafazadənin Bakısı” ilə yenidən dillənən nəğməni dinləyin. ("Bakı Gecələri")

Həm də qəlbinizi dinləyin. Bəlkə bu dəfə “Sən gəlməz oldun” “Eşqimi sönməyə qoymaram” a çevrilər, kim bilir...

Günel Natiqqızı

Müəllif: Ayna.az