ABŞ Butun İranın dəstəklədiyi husilərə silah satmaq üçün müqavilə bağlamağa çalışdığı barədə məlumatı nə təsdiq, nə də təkzib edib
Ağ Ev “The Wall Street Journal”ın ABŞ-da həbsdə olan və iki il əvvəl amerikalı basketbolçu Britni Qreynerlə dəyişdirilən rus silah satıcısı Viktor Butun yenidən beynəlxalq silah alveri ilə məşğul olduğuna dair xəbərini təsdiqləməyib.
"Amerikanın Səsi” bildirir ki, Ağ Evin mətbuat katibi Karine Jan-Pierre nəşrin Butun hazırda İranın dəstəklədiyi husilərə silah satmaq üçün müqavilə bağlamağa çalışdığı barədə məlumatını nə təsdiq, nə də təkzib edib.
Jurnalistlərin Prezident Co Baydenin bunun problem olduğunu düşünüb-düşünməməsi ilə bağlı sualına cavab olaraq Ağ Ev rəsmisi deyib: “Girov və ya qanunsuz olaraq həbs edilən amerikalıların azad edilməsi bu administrasiya üçün prioritetdir. Və qeyd etmək istəyirəm ki, biz bu məsələdə əhəmiyyətli irəliləyiş əldə etmişik. Bu, asan deyil... Çətin qərarlar qəbul etməliyik. Bizdə bu məsələdə şəffaflıq var”.
Jan-Pierre əlavə edib ki, Ağ Ev "qanunsuz olaraq həbs edilən və ya girov saxlanılan amerikalıları evlərinə qaytarmaq üçün əlindən gələni edəcək... Və bu, Prezident Bayden üçün prioritetdir”.
Vəziyyətdən xəbəri olan bir sıra anonim mənbələr, o cümlədən avropalı təhlükəsizlik mənbələri jurnala bazar günü bildiriblər ki, “ölüm taciri” ləqəbli But Yəməndə İranın dəstəklədiyi husilərə silah satmaq üçün razılaşma əldə etməyə çalışır.
Nəşr öz mənbələrinə istinadən yazır: “Husi emissarları avqust ayında 10 milyon dollarlıq silah alqı-satqısı ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya gələndə yaxşı bildikləri bir sima ilə qarşılaşdılar – Butla”.
Nəşrin məlumatına görə, potensial silah tədarükü hələ həyata keçirilməyib. Məlumata görə, razılaşmaya Rusiyanın husilərə gəmi və ya zenit raketlərinin satışı daxildir ki, bu da ABŞ-ın beynəlxalq gəmiçiliyi husilərin hücumlarından qorumaq səylərinə ciddi təhlükə yarada bilər.