Həyatını koronavirusla mübarizəyə fəda edən həkimlərin ailələri təzminat alacaq?

Cəmiyyət

25.06.2020 - 13:22

Virusa qarşı mübarizədə vəfat edən tibb işçilərinin ailələrinə Rusiyada 65 min, Ukraynda 95 min manat kompensasiya ödənilir

 

Ölkəmizdə yayılmış koronavirusa qarşı mübarizə zamanı həkimlər ön plandadırlar. Və hər həkim, bildiyiniz kimi, bir ailəsinin təminatçısıdır. Çox təəsüf ki, son zamanlar koronavirus qurbanları arasında onunla mücadilə edən həkimlərin olması xəbərlərini də alırırq. Görəsən, virusla mücadilədə həyatını verən həkimin ailəsinə dövlət hansısa kompensasiya verirmi? AYNA suala cavab tapmağa çalışıb.

 

Azərbaycanın baş infeksionisti Cəlal İsaevin dediyinə görə, koronavirusla mübarizə zamanı ölən həkimlərin ailələrinə kompensasiya verilib-verilmədiyi barədə heç bir məlumatı yoxdur.

 

Professor, tibb elmləri doktoru Adil Geybulla da həkimlərin ailələrinə verilməli olan təzminat barədə eşitməyib. Onun sözlərinə görə, şəhid-həkimlərin ailələri təzminat alsaydı, o, bu barədə mütləq bilərdi.

 

Xatırladaq ki, koronavirusla mübarizəyə birbaşa nəzarəti TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) həyata keçirir. Qurumun sözçüsü Rəvana Əliyeva deyib ki, koronavirusla mübarizə zamanı ölən həkimlərin ailələrinə onların əmək müqaviləsi əsasında kompensasiya ödənilir.

 

Əmək hüququ üzrə mütəxəssis, hüquqşünas Azər Quliyevin verdiyi izaha görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçinin ölümü ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, mərhumun varislərinə orta aylıq əmək haqqının ən azı üç misli miqdarında müavinət verilir.

 

Bu arada qeyd edək ki, Azərbaycanda bir həkimin orta aylıq maaşı 500 manata yaxındır. Bu isə o deməkdir ki, koronavirusla mübarizədə ölən həkimlərin ailələrinə 1500 manat civarında kompensasiya veriləcək. Bu məbləğin çox və ya az olması barədə mühakimə yürütmək fikrində deyilik, amma müqayisə üçün postsovet ölkələrinin təcrübəsinə müraciət edə bilərik.

 

Qonşu Rusiyada koronavirusla mübarizə zamanı tibb işçisinin ölümü halında, onun ailəsinə 2 milyon 700 min rubl məbləğində kompensasiya ödənilir ki, bu da Azərbaycan milli valyutasına çevirəndə 65 935.52 manat deməkdir.

 

Ukrayna Ali Radası koronavirus xəstəliyi nəticəsində dünyasını dəyişən tibb işçilərinin hərbi xidmət zamanı yaralanan, travma alan, yaralanma və ya xəstəlik nəticəsində ölən hərbi qulluqçulara bərabər tutulması barədə qanun qəbul edib. Bu qanun imkan verir ki, həkimlərə ödəniləcək sığorta ödənişlərinin miqdarı hərbçilərlə eyni səviyyədə olsun. Bir tibb işçisi koronavirusdan dünyasını dəyişdiyi təqdirdə, ailəsinə 1.5 milyon qrivna (95.543 AZN) məbləğində kompensasiya ödənilir.

 

Bu rəqəmlərin bizim həkimlər üçün nəzərdə tutulan rəqəmlərlə belə kəskin ziddiyət təşkil etməsi sizdə suallar yaratmırmı? Bəli, azərbaycanlı həkimlər fədakarlıqla koronavirusla mübarizə aparır, heç bir maddi dəstək, maddi təzminat barədə düşünmürlər. Onlar, sadəcə neçə-neçə can qurtararaq işlərini görürlər. Və eyni zamanda həyatlarını başqalarının yaşaması naminə qurban verirlər.

 

Xəstə və ya sağlam olmasından aslı olmayaraq, bütün Azərbaycan vətəndaşları adından həkimlərimizə dərin ehtiramımızı bildiririk. Əgər koronavirusla mübarizə aparan Azərbaycan həkimləri pul barədə düşünmürsə, bu, o demək deyil ki, hökumət də bu barədə düşünməməlidir. 1500 manat, hətta bir can qurtarmaq müqabilində belə, cüzi məbləğ deyilmi?

Müəllif: Rəşad Rüstəmov