“Mütəxəssislər hazırda qəzanın nəticələrinin aradan qaldırılması üzərində işləyirlər”
İmereti yüksək gərginlikli elektrik ötürücü xəttinin sıradan çıxması Gürcüstanda böyük elektrik kəsintisinə səbəb olub. AYNA.AZ xəbər verir ki, bu barədə Qafqazın ən böyük su elektrik stansiyası olan İnquri Su Elektrik Stansiyasının (SES) direktoru Levan Mebonia “Pirveli” TV-yə verdiyi müsahibədə deyib.
O bildirib ki, bu 500 kilovoltluq elektrik ötürücü xətti ölkənin elektrik şəbəkəsinin əsas hissəsini daşıyır: “Elektrik şəbəkəsi sıradan çıxan kimi şəbəkənin işi pozulub və bu da onun tamamilə sıradan çıxmasına səbəb olub. Mütəxəssislər hazırda qəzanın nəticələrinin aradan qaldırılması üzərində işləyirlər”.
Stansiya direktoru elektrik xəttinin zədələnməsinin dəqiq səbəbini açıqlamayıb və belə bir məlumata malik olmadığını bildirib.
Qeyd edək ki, bu, son iki gündə ölkədə ikinci elektrik kəsintisidir. Əvvəlki genişmiqyaslı elektrik kəsintisi cümə günü gecə baş verib. Artıq abonentlərə tam enerji verilişi bərpa olunub.