Fidan: "Türkiyə və ABŞ Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləyir"

Dünya

22.09.2026 - 18:13

“İki ölkənin tərəfdaşlığı regional inkişaf və sülhün qorunması üçün yeni imkanlar yaradır”

“Türkiyə və ABŞ Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyir, Qafqazda və Qara dənizdə gərginliyin artması riskini azaltmaq üçün bütün səylərini göstərirlər”. AYNA.AZ-ın “TRT Haber”ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda keçirilən "Türkiyə-Amerika münasibətləri 100 ilin astanasında" panel iclasında bildirib.

Çıxışında Fidan qlobal sülhün və sabitliyin qorunması üçün Ankara və Vaşinqton arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, əlavə edib ki, “iki ölkənin tərəfdaşlığı regional inkişaf və sülhün qorunması üçün yeni imkanlar yaradır”.

Fidan həmçinin qeyd edib ki, Qara dəniz bölgəsi problem mənbəyinə çevrilməməli, əksinə, beynəlxalq əməkdaşlıq platformasına çevrilməlidir.

Rusiya-Ukrayna sülh prosesi kontekstində Fidan qeyd edib ki, Ankara həm Kiyev, həm də Moskva ilə fəal şəkildə əlaqə saxlamağa davam edir.

Nazir deyib: "Biz Ukraynada davamlı sülhə nail olmaq üçün dialoq və diplomatiyanı dəstəkləyirik".

Fidan vurğulayıb ki, mövcud geosiyasi dəyişikliklər nəzərə alınmaqla, qlobal güclər və aparıcı regional aktorlar arasında effektiv tərəfdaşlıq qurmaq lazımdır.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla münasibətlərinin regional əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə ümid edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş