Diasporda şübhə var: pullarını niyə havaya sovrusunlar ki?!
Çinli hərbi strateq Sun Tzu “müharibə bir aldatma yoludur” deyirdi. Azərbaycanla barışıq yolu ilə razılığa gəlmək istəməyən Ermənistan, təkcə aldatma deyil, özünü aldatma yolunu seçdi. Mütəxəssislər onsuz da Ermənistanda iqtisadi çöküş proqnozlaşdırırlar. Koronavirus pandemiyası səbəbindən son nəfəsini verən Ermənistan iqtisadiyyatı, Ermənistanın işğal etdiyi əraziləri azad edən Azərbaycanın hərbi əməliyyatları nəticəsində də xeyli ziyan çəkir.
Bu şərtlərdə, həmişəki kimi, Ermənistan öz diasporundan sədəqələr dilənir. Beləliklə, oktyabr ayının əvvəlində Hayastan Fondu ianələr kampaniyası çərçivəsində Qarabağa və orduya yardım üçün, təxminən 11 milyon dollar topladı. Ancaq görünür, bu pul heç nəyə kifayət etmir. Ermənistan Dövlət Gəlir Komitəsinin Hərbi Qulluqçuların Həyat və Sağlamlıq Sığortası Fonduna (HQHSSF) vaxtında və tam pul ödəməsinin vacibliyi barədə bu yaxınlarda verdiyi açıqlama da vəziyyətin acınacaqlı olmasının göstəricisidr.
Bundan əlavə, Hayastan Fondu, hər kəsdən Fonda sabit gəlir axınını təmin etmək məqsədilə yeni “50+” kampaniyasına start verdi. Fondun direktoru Haykak Arşamyanın sözlərinə görə, yeni təşəbbüs quruma sabit vəsait axınını təmin edəcək: “Bir milyon insanın hər birinin 50 dollar köçürəcəyini təsəvvür etsək, Fond hər ay 50 milyon dollar pul yığa biləcək”.
Lakin dünya iqtisadiyyatının, həmçinin erməni biznesinin, koronavirus pandemiyasından əziyyət çəkdiyini və Azərbaycan Ordusunun uğurlarının ermənilər üçün bahalı hesab olduğunu nəzərə alsaq, belə bir puldilənmə təşəbbüsünün erməni diasporu arasında heç də yaxşı qarşılanmayacağını iddia etmək olar. Üstəlik, Ermənistan hələ də Hayastan Fondunun keçmiş icraçı direktoru Ara Vardanyanla bağlı qalmaqalı yaxşı xatırlayır. O, şirkətlərdən birinin direktoru ilə birlikdə, Fonda yığılan puldan 150 milyon dram (təxminən 315 min dollar) mənimsəmişdi.
İstintaqa görə, Vardanyan şirkətlərdən birinin direktoru ilə əlbir olaraq, Qarabağdakı “regional idarələrin təhsil şöbələrinə” əmlak təchizatı barədə müqavilə imzalamışdı. Ancaq əmlak ünvana çatdırılmadı. Və bu məbləğin mənimsənilməsi üçün saxta sənədlər, təhvil-təslim sənədləri hazırlanmışdı.
Hüquq mühafizə orqanlarına görə, Vardanyan Fondun 25 milyon dram (55 min dollar) məbləğində kredit xəttini müxtəlif onlayn kazinolarda mərc oyunları üçün istifadə etdiyini etiraf edib. Eyni zamanda, Fondun nümayəndələrinin sonradan bildirdikləri kimi, Vardanyan strukturun büdcəsindən xərclədiyi vəsaiti geri qaytarıb. Ancaq bu vəziyyət məsələnin mahiyyətini dəyişmir - hər halda Hayastan Fondunun nüfuzuna ciddi ziyan dəydi.
Bu arada, Azərbaycan Ordusunun hər gün qazandığı uğurlar erməni diasporunda Ermənistana yardım göstərilməsinin məqsədəuyğunluğu barədə dərin şübhələr oyadır: Pullarını Qarabağ adı ilə olsa belə, niyə havaya sovrusunlar ki?!