Erməni analitikdən etiraflar: “İlham Əliyev səviyyəsində liderimiz olmadı”

Siyasət

02.05.2022 - 17:19

“Həqiqətlə üz-üzə gəlməyin vaxtıdır: niyə Azərbaycana uduzduq?”

2020-ci ilin sentyabrında Qarabağ uğrunda başlayan və 44 gündən sonra Azərbaycanın qələbəsi ilə başa çatan müharibə hələ də Ermənistan ictimai-siyasi dairələrində müzakirə mövzusudur. Zaman-zaman Nikol Paşinyan iqtidarı keçmiş hakimiyyəti – Robert Köçəryan və Serj Sarkisyanı, müxalifətdə olan terrorçu Köçəryan-Sarkisyan isə Paşinyanı ittiham edir. Erməni analitiklərin əksəriyyəti isə indiki və keçmiş hakimiyyəti ittiham etməklə yanaşı, Azərbaycan Ordusunun gücünü, Ali Baş Komandan İlham Əliyevin isə yüksək sərkərdəlik qabiliyyətini, dərin və düzgün siyasi gedişlərini etiraf edirlər.

AYNA bildirir ki, bu tip etiraf yazısı ilə növbəti dəfə erməni siyasi icmalçısı Razmik Akopcanyan mıxış edib.

Analitikin “Armenianreport” saytında dərc olunan yazısını təqdim edirik:

- Bu gün mən cəmi üç il əvvəl mənim üçün ağlasığmaz və qəbuledilməz olan bir şeyi yazmalı olacam. Zaman axır, hər şey dəyişir. Və nə qədər acı olsa da, həqiqəti söyləməyi bacarmalısan. Belə olan halda, həqiqət ondan ibarətdir ki, 44 günlük müharibədə məğlubiyyətdə daha aşkar bir səbəb var  - Ermənistanda ölkəmiz müstəqillik əldə edəndən bəri İlham Əliyev səviyyəsində siyasətçi və lider olmadı.

Bəli, əziz oxucu, sən məni söyə, hər şeydə, hətta Ermənistana və Qarabağa xəyanətdə ittiham edə bilərsən, amma açıq-aşkar hallar var ki, bu haqda mübahisə etmək mənasızdır. Beləliklə, nəticədə nəyimiz var? Ermənistanda prezident kürsüsündə dörd nəfər olub, indi isə beşincidir. Ölkənin birinci prezidentinin dövründə biz “tarixi ərazilərimizi azad etdik” (Qarabağı işğal etdiklərinə “azad etdik” deyirlər). Obyektiv olsaq, Levon Ter-Petrosyan digərlərindən fərqli olaraq, ən uğurlu dövlət başçısı adına uyğun gəlir. Amma o, “torpağın bir hissəsinin müqabilində sülh” prinsipi ilə qaynayan ideyanı da ortaya qoymuşdudu.

Ter-Petrosyan hakimiyyətdən getdi və iyirmi ildən artıq xalqı aldadaraq soyanlara yol verdi. Bəli, Robert Köçəryan və Serj Sarkisyan dollar multimilyonerinə çevrildilər. Mif yaratmışdılar ki, bizim ordumuz düşmən ordusunu məğlub etməyə qadirdir. Bizi əmin etdilər ki, beynəlxalq ictimaiyyət Ermənistan və “Artsax”ın tərəfindədir. Sonda isə gördük ki, bunların heç biri yox imiş. Hətta Rusiya bizi dəstəkləmədi. Hətta KTMT də.

Ermənistanın geosiyasi manevrlər üçün real imkanını itirərək Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına qoşulmasına baxmayaraq. Biz tamamilə Rusiyadan asılı ölkə statusu almışıq. Hansı ki, indi Ukrayna və Qərbə qarşı müharibədə məğlubiyyət ərəfəsindədir. Bu, obyektiv reallıqdır.

Eyni zəif, simasız prezident Armen Sarkisyan kimi. Ölkənin indiki prezidenti haqqında isə danışmağa dəyməz. Çünki o, boş qalmış kürsüyə əyləşdi.

Qalan Baş nazir Nikol Paşinyandır. Xalqa süd çayları vədi verən Paşinyan hamımızı əmin etdi ki, “Artsax Ermənistandır, nöqtə”. Və sonra nə oldu? Sonra məlum oldu ki, ordumuz müharibəyə hazır deyil.

Daha çox kimin günahı var - Köçəryanla Sarkisyanın, yoxsa Paşinyanın? Bu mənasız mübahisədir, çünki hamı günahkardır. Amma fakt odur ki, biz müharibənin qarşısını ala, onu ilkin mərhələdə dayandıra bilmədik, sonda kapitulyasiyaya imza atan Nikol Paşinyanın dövründə “Artsax”ın 70 faizini itirdik. Bu, inkar edilə bilməyən bir həqiqətdir.

Amma Paşinyan bundan sonra hakimiyyətdə qaldı, xalq ona üstünlük verdi. Bu, çoxluğun seçimidir. Belədirsə, o zaman “Artsax”ın qalıqlarının açıq şəkildə təslim edilməsinə təəccüblənmək olmaz. Eyni zamanda, obyektiv desək, onsuz da mövcud olan şəraitdə Paşinyanın xüsusi variantları yoxdur. Variant yoxluğu təkcə Nikol üçün deyil, həm də rəqibləri üçündür. Onlar indiki iqtidarı istədikləri qədər tənqid edə bilərlər, amma bu, sadəcə daxili siyasi gündəmdir. Çünki onlar da hakimiyyətə gəlsələr, bütün yeni reallıqlarla razılaşmalı olacaqlar. Bir müddət dayanmağa cəhd edə bilərlər, amma bu, sonda heç nəyi dəyişməyəcək. Və bilirsiniz niyə? Çünki biz hər zaman aldanırıq. Şüurlu və ya axmaqcasına. Sonda qaydaları Bakının qoyduğu oyunu oynayırıq. Daha dəqiq desək, İlham Əliyevin qoyduğu qaydalara uyğun.

Azərbaycan lideri heç vaxt planlarını gizlətməyib. O, açıq şəkildə deyirdi ki, müharibəyə hazırlaşır. Beləliklə, özünə yaxşı bir an seçdi, planlarını həyata keçirməyə başladı. Və kim nə deyirsə desin, məqsədinə çatdı. Ən əsası, heç kim ona müqavimət göstərə bilmədi. Yoldaşlar, Əliyev elə etdi ki, ATƏT-in Minsk Qrupu əllərini yuxarı qaldırdı. İndi isə həmsədrləri açıq şəkildə ələ salır.

Bakıda keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda İlham Əliyev belə dedi: “Qərb tərəfdaşları mənə deyirdilər: uduzmusunuz, torpaqların işğalı ilə barışmalısınız, ərazi bütövlüyünə münasibətinə yenidən baxmalısan. Ancaq həmişə cavab verdim – yox!. Məni inadkar, əyilməz olduğum üçün tənqid ediblər, amma həmişə “yox” cavabını vermişəm. Sizə isə tövsiyəm odur ki, heç vaxt ərazi bütövlüyünün pozulması ilə razılaşmayın”.

Yəni deyir ki, ona təzyiq ediblər. Lakin o, dözüb. Bəli, Türkiyə çox kömək etdi, amma axı Türkiyə ilə də münasibətləri Bakıya lazım olan səviyyəyə çatdırmaq lazım idi ki, Əliyev bunu bacardı. İndi də o, Ukraynaya Rusiyaya necə müqavimət göstərməklə bağlı məsləhətlər verir. Bununla belə, Azərbaycan həm Rusiya, həm də Avropa İttifaqı üçün çox vacib factor olub. Biz kimin üçün önəmliyik? Mənə çürük pomidor atmazdan əvvəl bir fikirləşin!

Müəllif: Turan Abdulla