Antonio Quttereş: "Hər üç əfqandan biri növbəti yeməyinin haradan gələcəyini bilmir"
“Yeni bir dönəmə qədəm qoyan Əfqanıstanda dərinləşən humanitar və iqtisadi böhranla əsas xidmətlərin tamamilə çökmə riski bizi narahat edir. Humanitar fəlakət qapıdadır”.
AYNA xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quttereş ABŞ-ın Əfqanıstandan çəkilməsi və təxliyyələri tamamlaması ilə “Taliban”ın ölkədə idarəçiliyi ələ almasından sonrakı açıqlamasında deyib.
“Əfqanıstan əhalisinin, demək olar ki, yarısı, yəni 18 milyon insan humanitar yardıma möhtacdır. Hər üç əfqandan biri növbəti yeməyinin haradan gələcəyini bilmir.
Əfqan uşaqların yarısından çoxunun gələn ilə qədər hədsiz az qidalanmaya məruz qalması gözlənilir. Xalq hər keçən gün əsas xidmətlərə əlçatanlığı itirir. Humanitar fəlakət qapıdadır”, - Baş katib qeyd edib.
O vurğulayıb ki, əfqan xalqının beynəlxalq ictimaiyyətin dəstəyinə hər zamankından daha çox ehtiyacı var: “Ölkədə şiddətli quraqlıq və yaxınlaşan sərt qış şərtləri səbəbindən daha çox qida, sığınacaq və tibbi vasitələrə ehtiyac olacaq.
Əfqanıstandakı bütün tərəfləri təhlükəsiz və maneəsiz humanitar girişə icazə verməyə çağırırıq. Gələn həftə Əfqanıstandakı təcili humanitar ehtiyacları açıqlayacağıq. Beynəlxalq ictimaiyyəti əfqan xalqına ən qaranlıq günlərində maddi dəstək olmağa səsləyirik”.