“DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib”
“14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib”.
AYNA xəbər verir ki, bu barədə DSX-nın yaydığı rəsmi məlumatda bildirilir. “Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib”, - deyə DSX qeyd edir.
Xatırladaq ki, Gürcüstanın Daxili İşlər Nazirliyi ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan ilə Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb. Bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi bəyanat yayıb.
“Gürcüstan-Azərbaycan sərhədində, “Keşikçidağ” sahəsində yerli sakinlər ilə azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib. Lakin insident qısa müddət ərzində aradan qaldırılıb və hazırda vəziyyət stabildir”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.