Bir neçə Avropa ölkəsi Aİ-ni dondurulmuş Rusiya aktivlərindən istifadə planına qayıtmağa çağırmağı planlaşdırır
Bir neçə Avropa ölkəsi Kiyevin maliyyə çatışmazlığı ilə bağlı narahatlıqlara görə Avropa İttifaqını (Aİ) Ukraynaya kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planına qayıtmağa çağırmağı planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
İsveçin xarici işlər naziri Maria Malmør Stenergård bildirib: "İndi Rusiyanın dondurulmuş aktivlərindən bizim və Ukraynanın xeyrinə necə istifadə edə biləcəyimiz barədə yeni müzakirəyə başlamağın vaxtıdır. Bu, Ukraynanın özünü və bütün Avropanı müdafiə etməsi üçün ədalətli və ağlabatan bir yoldur".
Vəziyyətlə tanış olan dörd nəfər “Financial Times” qəzetinə bildirib ki, bir neçə ölkədən ibarət koalisiya Avropa Komissiyasına məktub göndərərək Ukraynaya kömək üçün Rusiya aktivlərindən istifadə səylərini bərpa etməyə çağıracaq. Bu ölkələrə İsveç, Hollandiya, İspaniya və Polşa daxildir.
Qəzetin mənbələrindən biri məktubun "komissiyanın məsələnin texniki icmalını aparmasına çağırış" olduğunu deyib. Məktubun bu gün göndərilməsi gözlənilir.
Qəzetin məlumatına görə, bu, Kiyevin maliyyə böhranı ilə üzləşə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən baş verir.