Taker Karlson: “Bayden administrasiyasının qoruyan qalxan kimi xaosa ehtiyacı var idi”
Amerikalı jurnalist Taker Karlson jurnalist və siyasi şərhçi Mett Taibbiyə müsahibəsində deyib ki, Prezident Co Baydenin rəhbərliyi altındakı Ağ Ev adminstrasiyası Rusiya Prezidenti Vladimir Putini öldürmək istəyib.
“Antoni Blinken (ABŞ-ın keçmiş dövlət katibi) məsələn, Putini öldürməyə müvəffəq olacaq əsl müharibəyə can atırdı. Bayden administrasiyasının etdiyi şey Putini öldürməyə çalışmaq idi", deyə Karlson iddia edib.
Müsahibə siyasi şərhçinin “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Jurnalist iddiası barədə heç bir təfərrüat və sübut təqdim etmədən bu cür cəhdləri “dəlilik” adlandırıb.
Karlson əlavə edib ki, Bayden administrasiyasının “qoruyan qalxan” kimi “xaosa” ehtiyacı var idi və Bayden dövründə Vaşinqtonun siyasəti bunun üzərində qurulub: “Bu dəlilikdir. O zaman Rusiyanı kim idarə edəcəkdi? Xaricilərin başa düşə bilməyəcəyi belə mürəkkəb ölkədəki nüvə anbarları ilə necə davranılacaqdı?”.
Jurnalist həmçinin ABŞ-ın “Şimal axını”na hücumda əli olduğunu bəyan edib: “Rusiyadan Qərbi Avropaya, Almaniyaya gedən qaz kəmərinin partlamasının arxasında ABŞ dayanırdı və indi nəhayət, deyə bilərik ki, bu, doğrudur”.
Qeyd edək ki, Karlson 2024-cü ilin fevralında Putindən müsahibə alıb. İki saatlıq söhbət Rusiya-Amerika münasibətlərinə, Ukraynadakı müharibəyə və Rusiyanın NATO ilə münasibətlərinə həsr olunub. Rusiya diktatoru mahiyyətcə Rusiya Federasiyasının müharibədə məqsədlərinə çatmadığını və Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduğunu etiraf edib. Eyni zamanda, bir daha Qərb ölkələrinin “aldadılmasından” şikayətlənib.
Daha sonra Karlson Kremlin ideoloqu Aleksandr Duqin, “EuroChem” və SUEK şirkətlərinin ortaq sahibi Andrey Melniçenko, “Vkontakte” və “Telegram”ın qurucusu Pavel Durovla müsahibələr edib. Jurnalist konqresmen Marjorie Teylor Qrenə bildirib ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də müsahibə təşkil etməyə çalışıb, lakin Ukrayna lideri müraciətlərə məhəl qoymayıb: “Biz Zelenskiyə öz mövqeyini izah edə bilməsi üçün müsahibə üçün sorğu göndərmişik. Əlbəttə, o, onlara məhəl qoymadı".
Zelenskinin özü isə qeyd edib ki, onun “bizim, dünya, ABŞ, münasibətlərimiz haqqında iki saatdan artıq cəfəngiyyata qulaq asmağa” vaxtı yoxdur.