Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb

Hadisə

16.03.2026 - 15:58

Doğulan əkizlərin müalicəsi davam etdirilir: vəziyyətləri stabil olaraq qiymətləndirilir

Martın 10-da 1973-cü il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub. Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən bildirilib.

Qeyd olunub ki, martın 14-də saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb: "Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib. Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib. Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.

Martın 15-də saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb".

O da qeyd olunub ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.

Yenidoğulmuşların müalicəsi davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş