Badamdardakı sürüşmə Xəzərdəki zəlzələ ilə eyni vaxtda baş verib

Hadisə

29.01.2021 - 14:26

FHN rəsmisi: “Titrəyişlər həmin ərazidə sürüşməni daha da aktivləşdirib”

 

Yanvarın 28-də axşam saatlarında Səbail rayonunun Badamdar qəsəbəsində 20-ci sahə adlanan ərazidə baş verən torpaq sürüşməsi nəticəsində insan tələfatı olmayıb. Yalnız fəaliyyəti Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılmış bir iaşə obyektinin mətbəx hissəsində dağıntılar olub.

 

AYNA xəbər verir ki, bu barədə Səbail rayonunun Badamdar şosesində baş verən sürüşmə zonasına gələn FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

 

E.Əsədov bildirib ki, Badamdar sürüşmə ərazisi uzun illərdir Bakının ən təhlükəli sürüşmə ərazilərindən biridir: “Bakının Baş planı işlənəndə bu məsələlər daim nəzərə alınıb. Lakin uzun müddət - hətta sovet dövründən başlayaraq, bu ərazidə heç bir mühəndis hazırlıq işləri görülmədən çoxlu fərdi ev və sahibkarlıq obyekti tikilib. Ərazidə kanalizasiya işləri aparılmadığından həmin binaların və obyektlərin tullantı suları yeraltı rezervuarlarda toplanıb və buradan çoxlu sızıntılar baş verir. Bu da ərazidə sürüşmə təhlükəsini daha da artırır”.

 

 “Belə hadisə hər zaman ola bilər. Çünki ərazidəki işlər hələ baş çatmayıb. Yanvarın 28-də axşam saatlarında Xəzər dənizində maqnitudası 4,5 bal olan zəlzələ baş verib. Bu, kifayət qədər güclü zəlzələ sayılır. Bu sürüşmə isə zəlzələ ilə eyni vaxtda baş verib. Onun titrəyişləri həmin ərazidə sürüşməni daha da aktivləşdirib. Hazırda ərazidə qabaqlayıcı tədbirlər davam edir”, - deyə FHN rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az