AzTV “Atabəylər: Şəmsəddin Eldəniz” layihəsi üzrə müsabiqə elan edir

Mədəniyyət

21.12.2022 - 11:10

Qəlib gələn iştirakçılarla musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın ilk çoxseriyalı tarixi bədii televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”in musiqi tərtibatının (soundtrack) hazırlanması üçün 25 dekabrdan etibarən müsabiqə elan edir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, ekran əsərində möhtəşəm döyüş səhnələri, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, dram, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu baxımdan, bəstələrini təqdim edən iştirakçılar müsabiqə üçün musiqilərin leytmotivini filmin mahiyyətinə uyğunlaşdırmalıdırlar.

Müsabiqənin şərtlərinə əsasən, hər bir iştirakçı ən azı 1 və ən çoxu 5 musiqi parçası və fərqli leytmotivlər təklif edə bilər, bir və ya bir neçə qalib gələn iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür, iştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər.

Qəlib gələn iştirakçılarla musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.

İştirakçılar öz bəstələrini [email protected] elektron ünvanına mp3 formatında göndərməlidirlər. Məktubda iştirakçının adı, soyadı və əlaqə nömrəsi mütləq qeyd edilməlidir.

Qeyd edək ki, müsabiqə 25 yanvar 2023-cü il tarixinədək davam edəcək.

Müsabiqədə 1-ci yerin qalibi 1 500 manat, 2-ci yerin qalibi 1 000 manat, 3-cü yerin qalibi isə 500 manat məbləğində mükafat alacaq.

Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəssislərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və qaliblərin adları ictimaiyyətə açıqlanacaq.

Müəllif: Ayna.az