"Azəriqaz"ın qazdığı quyuya avtomobil düşdü

Hadisə

08.08.2019 - 16:56

"Hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər”

 

Avqustun 7-də günorta saatlarında Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub.

 

“Azəriqaz” İslahat Birliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib.

 

Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb. Təqribən, 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Bu gün qazılmış hissənin örtülməsi icra olunur.

Məlumat üçün bildirilir ki, işlərə başlamamışdan öncə ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub. Lakin buna baxmayaraq, minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb.

 

““Azəriqaz” İB olaraq bir daha qeyd edirik ki, ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər” – deyə qeyd olunub.

Müəllif: Ayna.az