İran agent şəbəkəsinin ifşası təkcə açıq düşmənlərimizin etirazına səbəb olmurmuş...
Son hadisələr göstərdi ki, İran tərəfindən maliyyələşdirilən və qızışdırılan bəzi qrupların Azərbaycana qarşı təhlükəsi kifayət qədər realdır. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün illər ərzində ölkəmizdə İran xüsusi xidmət orqanları agent şəbəkəsi yaradıb və genişləndirib.
Hüquq-mühafizə orqanlarının əməliyyatları zamanı həyata keçirilən həbslərin miqyasına baxsaq, belə geniş kəşfiyyat şəbəkəsini yaratmaq üçün İrana çoxlu səy, vaxt və maliyyə vəsaiti lazım olub. Əslində, mütəxəssislərin dili ilə desək, İran Azərbaycanda “yatmış hücrələr”dən ibarət geniş kəşfiyyat şəbəkəsi yaradıb.
Artıq İranın Azərbaycana qarşı düşmənçilik fəaliyyətini, o cümlədən ölkəmizdə konstitusiya quruluşunu zorla dəyişdirmək və şəriət qanunlarının işləyəcəyi dini dövlət yaratmaq planlarını təkzibedilməz şəkildə sübut edən çoxsaylı faktlar üzə çıxıb.
Bundan başqa, agentlər sosial şəbəkələrdə və ictimai tədbirlərdə dini radikalizmin təbliğatında və İrana dəstəkdə fəal iştirak ediblər. Onlar xaricdən gələn göstərişlər çərçivəsində fəaliyyət göstərərək, Azərbaycanda mövcud olan dini dözümlülüyü və tolerantlığı pozmağa cəhd ediblər.
Narkotik ticarətindən əldə edilən gəlirlər onların agent şəbəkəsini maliyyələşdirmək üçün fəal şəkildə istifadə olunurdu. Bu məqsədlə İrandan Azərbaycana narkotik qaçaqmalçılığı kanalları yaradılıb. İranın kəşfiyyat şəbəkəsi Azərbaycan daxilində sabitliyi pozmaq cəhdlərində ağalarının göstərişi ilə Milli Məclisin deputatı Fazil Mustafanın həyatına qəsd ediblər.
Qeyd edək ki, 44 günlük müharibədən əvvəl Azərbaycan əhalisi arasında İrana kifayət qədər böyük simpatiya var idi. 2020-ci ilin yanvarında iranlı general Qasım Süleymaninin İraqda öldürülməsindən sonra Azərbaycanda dərhal onu din şəhidlərinin siyahısına aid etməyə tələsənlərin çox olması bunu sübut edirdi. Böyük bir izdiham öldürülən generalın fotoşəkilləri ilə birgə İran səfirliyinin qarşısına yürüş edib və başsağlığı vermişdi.
İran generalının şərəfinə Azərbaycanın hər yerində kütləvi anım tədbirləri təşkil olunub. Və çoxları hətta bilmirdi ki, qətlə yetirilən Süleymani Azərbaycan torpaqlarının işğalında Ermənistana fəal yardım edən şəxsdir. Belə bir mənzərə İran xüsusi xidmət orqanlarının Azərbaycanda həyata keçirdiyi genişmiqyaslı işlərin bariz sübutu oldu.
44 günlük müharibədən sonra vəziyyət kəskin şəkildə dəyişdi, o zaman məlum oldu ki, İran ikiüzlü şəkildə eyni inanclı azərbaycanlı qardaşları dəstəklədiyini bəyan edərək, faktiki olaraq bütün bu müddət ərzində Ermənistana iqtisadi yardım göstərib, dolayısı ilə torpaqlarımızın işğalına və torpaqlarımızda olan məscidlər və müsəlman qəbiristanlıqlarının təhqir olunmasına təkan verib. İran Azərbaycana qarşı hərbi təhdidlər səsləndirərək Ermənistanı açıq şəkildə dəstəkləməyə başladı.
Nə yaxşı ki, İranın belə ikiüzlü davranışı bir çox Azərbaycan vətəndaşını qəflət yuxusundan ayıltdı və öz müsbət nəticələrini verdi. İndi İranın Azərbaycandakı səfirliyinin binası yaxınlığında Qasim Süleymaninin fotoşəkilləri əvəzinə İranın dövlət bayrağının rənglərində aftafalar peyda olub.
Lakin İran agentlərinin ifşası təkcə Azərbaycanın açıq düşmənlərini qəzəbləndirmirmiş. Xaricdə fəaliyyət göstərən və Azərbaycan əhalisi arasında müxalifətçi və vətənpərvər kimi yer alan bəzi şəxslər sosial şəbəkələrdə və internet platformalarında ölkə hakimiyyətinin İran kəşfiyyat şəbəkəsini ifşa edən hərəkətlərini pisləyirlər.
Onların fikrincə, Azərbaycan hakimiyyəti fürsətdən istifadə edərək, guya dini fəallara qarşı repressiyalar həyata keçirir, onları qəsdən narkotik alverçisi kimi təqdim edir. Yuxarıda qeyd olunub ki, İran hakimiyyəti narkotik ticarətindən əldə edilən gəlirləri öz şəbəkələrini maliyyələşdirmək üçün istifadə edib. İran mahiyyət etibarı ilə Azərbaycanda narkomaniyanı yaymaq üçün öz agentlərindən istifadə edib. Statistikaya görə, Azərbaycanda narkotikdən istifadə edənlərin sayı ildən-ilə artır və bu da İranın kəşfiyyat şəbəkəsinin günahıdır.
Belə görünürdü ki, bu vəziyyətdə xaricdə fəaliyyət göstərən “müxalifətçilər” hakimiyyətin İran kəşfiyyat şəbəkəsini ifşa etmək üçün atdığı addımları nəzəri olaraq dəstəkləməlidir. Amma biz əks mənzərəni görürük ki, bu da çox şey deyir. Məsələn, “müxalifətçilər” hakim rejimə deyil, Azərbaycan dövlətçiliyinə qarşıdırlar. Onlar Azərbaycanı daxili çəkişmələrdən parçalanmış, Tehranın iradəsinə tabe olan dini dövlətə çevrilməsini arzulayırlar.