AYB-nin daha bir üzvü vəfat etdi

Xəbərlər

05.09.2019 - 08:30

Şairin uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilib

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, şair Abbas Abdulla vəfat edib. AYNA xəbər verir ki, bu barədə şair Sayman Aruz öz "Facebook" səhifəsində məlumat verib.

 

S.Aruz qeyd edib ki, mərhumun cənazəsi dəfn üçün bu gün saat 13:00-da öz evindən götürüləcək.

 

Şairin uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Şair Abbas Abdulla vəfat edib

Qeyd edək ki, Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X-XI) kəndlərində alıb. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik edib. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1958-1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981-1982) bitirib, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib.

 

Universitetdə tələbəlik illərində həm də işləyib: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olub (1961-1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub. 

Müəllif: Ayna.az