Avropa liderlərindən qərar: Gürcüstanın Aİ-yə girişi dayandırılıb

Dünya

28.06.2024 - 13:16

Həkimlər Klinikalar SEO Xidməti

“Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə hörmət üzv olmaq istəyən hər bir ölkə üçün məcburidir”

Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitin yekunlarına dair bəyanatda bildiriblər ki, Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi ölkənin “Xarici təsir agentləri” haqqında qanununa görə “de-fakto dayandırılıb”. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Onlar qeyd ediblər ki, bu qanun Avropa Komissiyasının namizədin statusu ilə bağlı tövsiyələrindən kənara çıxmaqdır. Avropa Şurası Gürcüstan hakimiyyətini “öz niyyətlərini aydınlaşdırmağa və onun Aİ-yə gedən yolunu təhlükə altına qoyan hazırkı siyasi kursdan əl çəkməyə” çağırıb.

Liderlər həmçinin Tbilisidən “vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə, fəallara və jurnalistlərə qarşı artan hədə-qorxu, təhdid və fiziki hücumlara son qoymağı” tələb ediblər. Onlar xatırladıblar ki, “Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə hörmət üzv olmaq istəyən hər bir ölkə üçün məcburidir”.

Bundan əlavə, Avropa Şurası Gürcüstan rəhbərliyini payızda keçiriləcək parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün şəffaflığı təmin etməyə çağırıb.

“Avropa Şurası Gürcüstanın ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir və gürcüləri Avropanın gələcəyinə aparan yolda dəstəkləməyə davam etməyə hazırdır”, - bəyanatda vurğulanıb.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Cozef Borrell Tbilisiyə xəbərdarlıq etmişdi ki, Aİ Gürcüstanın namizəd statusunu ləğv edə bilər: “Hökumət bu yolla davam edərsə, bu qapı bağlanacaq və gürcü xalqı bunun nəticələrini ödəməli olacaq”.

Bununla belə, gürcüstan rəhbərliyi vətəndaşlara qarşı ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı Avropa prinsiplərinə zidd olan təşəbbüsləri irəli sürməkdə davam edir. Bir gün əvvəl Gürcüstan Parlamenti “LGBT təbliğatı”, “eynicinsli nikahlar” və “cins dəyişdirmə” əməliyyatlarını qadağan edən qanunu birinci oxunuşda təsdiqləyib. Hakimiyyət bu təşəbbüsü “ailə dəyərlərinin və gələcək nəslin psevdoliberal təbliğatın gözlənilən düzəlməz nəticələrindən qorumaq” zərurəti ilə izah edib.

Rusiyanın “Xarici agentlər haqqında” qanununa çox bənzəyən “Xarici təsir agentləri” haqqında qanuna gəlincə, parlament vətəndaşların kütləvi etirazlarına və Gürcüstan Prezidentinin vetosuna baxmayaraq, qanunu qəbul edib. Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bunu “Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlığını gücləndirmək” üçün etdiklərini bildirib.

Yeni qaydalara əsasən, illik gəlirinin 20%-dən çoxunu xaricdən əldə edən qeyri-hökumət təşkilatları və media qurumları “xarici təsir agenti” kimi qeydiyyatdan keçməlidirlər. İldə bir dəfə onlar bəyannamə doldurmalı və bütün maliyyə mənbələrini açıqlamalıdırlar. Tələblərə əməl edilməməsi 10 mindən 25 min lariyə qədər (3,7 min dollardan 9,4 min dollara qədər) cərimə ilə nəticələnəcək.

Müəllif: Turan Abdulla