Araz Ağalarov terrordan danışdı: "Mühafizəçilər nə edə bilərdilər ki...”

Dünya

25.03.2024 - 08:22

“Bu, hərbi əməliyyatdır və əslində diversantlar tərəfindən həyata keçirilib”

“Crocus City Holl”un sahibi, iş adamı Araz Ağalarov konsert zalında baş verən terror aktı barədə danışıb. AYNA rus mediasına istinadən bildirir ki, Ağalov hadisəni “dəhşətli faciə” adlandırıb, mühafizəçilərin əməllərindən danışıb və cinayətkarların tutulması ilə bağlı təfərrüatları açıqlayıb.

Onun sözlərinə görə, terrorçuların avtomobillərinin nömrəsi və qaçış yolları kompleksin təhlükəsizlik sistemi çərçivəsində quraşdırılan müşahidə kameraları vasitəsilə müəyyən edilib.

Ağalarov qeyd edib ki, cihazlara yazılan məlumatların saxlandığı otaqda yanğın olub, lakin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları konsert məkanının nümayəndələrinin köməkliyi ilə alovun qarşısını alıblar.

“Fövqəladə Hallar Nazirliyin otaqda yanğının qarşısını aldılar və videoməlumatlaı xilas etdilər. Bu məlumatdan istifadə edərək qaçış yollarını və təqib edilən avtomobilin sayını müəyyən edə bildik”, - deyə iş adamı vurğulayıb.

Ağalarovun dediyinə görə, terrorçular konsert zalına qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar: “Onlar zala pulemyotlarla daxil olublar və hər yerə atəş açmağa başlayıblar. Bütün insanlara, mühafizəçilərə...”.

“Crocus City Holl”un sahibi əlavə edib ki, baş verənlər ümumbəşəri dəyərlər baxımından izaholunmazdır: “Dəhşətli faciə baş verib və artıq demişəm ki, son 20 ildə belə bir şey olmayıb”.

Ağalarovun sözlərinə görə, terrorçular nəinki mümkün qədər çox insanı öldürmək, həm də binanın özünü dağıtmaq istəyiblər ki, digər ziyarətçilər də yanaraq ölsünlər: “Bunun üçün ətrafdakı hər yerə kerosin və benzin səpilib. Konsert zalı əslində artıq yoxdur, orada hər şey yanıb. Bununla belə, yanğınsöndürmə sistemləri həmişəki kimi düzgün işləyib. Onlar bir neçə saat yanğını o həddə saxlaya biliblər ki, otaqlar toxunulmaz qalıb. Onların əməyi sayəsində insanların çoxu diri-diri yanmaqdan xilas ola biliblər”.

“Başa düşmək lazımdır ki, 6 min adam 2-3 dəqiqəyə zalı tərk edə bilməz. Üstəlik, terrorçular demək olar ki, bütün çıxışlarda gedən insanları güllələyiblər”, - bildirib.

İş adamı terror aktı zamanı təhlükəsizlik qüvvələrinin hərəkətlərindən də danışıb. Onun sözlərinə görə, heç bir təhlükəsizlik xidməti əməkdaşı avtomatla silahlanmış terrorçulara müqavimət göstərə bilməz: “Hər hansı bir yerdə kamuflyajlı adamlar “Kalaşnikov”larla maşından düşüb hamıya atəş açmağa başlayıblar. Bir neçə videogörüntü var. Bu, hərbi əməliyyatdır və əslində diversantlar tərəfindən həyata keçirilib. Yaxşı, bunun qarşısında təhlükəsizlik xidməti əməkdaşları nə edə bilərdilər?!”.

Rusiyanın “Alfa” antiterror bölməsinin Beynəlxalq Veteranları Assosiasiyasının fəxri prezidenti Sergey Qonçarov Ağalarovun fikirləri ilə razıdır. Onun sözlərinə görə, yalnız travmatik silahları olan obyektin mühafizəçiləri mütəşəkkil silahlı hücuma müqavimət göstərə bilməyiblər: “Mühafizəçilər nə edə bilərdilər? Onlar yaxşı uşaqlardır, işlərini bilirlər, lakin avtomat və ya pulemyot qarşısında tamamilə acizdirlər”.

Rusiya Baş Prokurorluğu “Crocus City Holl”ı mühafizə edən özəl mühafizə şirkətinin əməkdaşlarının fəaliyyətini yoxlayıb və heç bir qanun pozuntusu aşkar etməyib. Bundan başqa, idarəyə yaxın mənbə əlavə edib ki, qanun belə kütləvi tədbirlərdə silahlı mühafizəçilərin olmasını tələb etmir. Buradan belə nəticə çıxır ki, mühafizəçilərdən odlu silah tələb olunmayıb.

Müəllif: Turan Abdulla