ABŞ Rusiyanı “terrorun sponsoru” elan etməyəcək

Dünya

25.06.2024 - 16:25

Həkimlər Klinikalar SEO Xidməti

Vaşinqton Moskvaya qarşı sanksiyaları KXDR ilə əməkdaşlığa görə effektiv hesab edir

Vaşinqton Moskvaya qarşı sanksiyaları KXDR ilə əməkdaşlığa görə effektiv hesab edir və Rusiya Federasiyasını “terrorizmi himayə edən ölkələr” siyahısına əlavə etməyi planlaşdırmır. AYNA “Blomberg”ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

“Biz inanırıq ki, Rusiyanı terrorizmin dövlət himayədarı kimi təyin etməkdənsə, öz hərəkətlərinə görə məsuliyyət daşımağın daha effektiv yolları var”, - deyə Miller qeyd edib.

O, əlavə edib ki, Birləşmiş Ştatlar mütəmadi olaraq Rusiya rəsmilərinə və şirkətlərinə qarşı ixrac nəzarəti sahəsində “Rusiya döyüş maşını”nı zəiflədən sanksiyalar tətbiq edir.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Ukraynaya hərbi yardımına cavab olaraq Şimali Koreyaya dəqiq silahların veriləcəyini istisna etməyib. Putinin KXDR-ə səfəri zamanı dövlət başçıları Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. Rusiya Prezidentinin sözlərinə görə, Şimali Koreya lideri Kim Çen Inla danışıqlardan sonra imzalanan sazişə müharibə zamanı qarşılıqlı yardım haqqında bənd daxildir.

Putin deyib ki, “ABŞ və müttəfiqlərindən qaynaqlanan” Pxenyana qarşı sanksiyalar rejiminə yenidən baxılmalıdır. O, əlavə edib ki, Qərb ölkələri də “müxtəlif növ beynəlxalq öhdəliklər çərçivəsində məhdudiyyətləri” pozur. Bununla Putin Rusiya ərazisinə hücumlar üçün Ukraynaya uzaqmənzilli silahları verilməsini nəzərdə tutur.

“Rusiya və KXDR daha ​​ədalətli və demokratik, çoxqütblü dünya nizamının formalaşdırılması ideyasını müdafiə edir və imzalanmış saziş fundamentaldır və uzunmüddətli perspektivdə münasibətlərin əsasını qoyacaq”, - Putin vurğulayıb.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Putin 2022-ci ilin yayında Ukraynada Rusiya ordusunun bir sıra uğursuzluqları fonunda Pxenyandan kömək istəməsindən sonra Şimali Koreya Kremli artıq silahla təmin edir. Cənubi Koreyanın müdafiə naziri Şin Von bildirib ki, Şimali Koreyadan Rusiya Federasiyasına təxminən 5 milyon artilleriya mərmisi, həmçinin ballistik raketlər göndərilib.

Müəllif: Turan Abdulla