“Qərb dövlətləri Moskvaya təzyiq göstərsə, müharibəni nəhayət, döyüş meydanında deyil, danışıqlar masası arxasında bitirmək olar”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb. AYNA-nın xəbərinə görə, Zelenski BBC-yə müsahibəsində bildirib ki, hətta Rusiyaya Vladimir Putin rəhbərlik etsə belə, Rusiya ilə müharibəyə son qoymaq üçün danışıqlara hazırdır.
Onun sözlərinə görə, bu məsələdə əsas məsələ beynəlxalq hüquqa uyğun şərtlərlə sülhə nail olmaq istəyidir.
“İkinci sülh sammitində plan tam hazırlanarsa və Rusiya BMT Nizamnaməsinə uyğun olaraq bu planı müzakirə etməyə və müharibəni dayandırmağa razılaşarsa, o zaman biz birlikdə danışmağa hazır olacağıq. Təbii ki, Rusiya nümayəndələri və tərəfdaşlarımızla. Putin olub-olmamasından asılı olmayaraq, bunun nə fərqi var””, - Zelenski bildirib.
Eyni zamanda, Ukrayna lideri hesab edir ki, bu cür danışıqları yaxınlaşdırmaq üçün Ukrayna beynəlxalq müttəfiqlərinin dəstəyinə ehtiyac duyur: “Əgər biz müharibəni bitirmək istəyiriksə və bunun üçün bütün gücümüz varsa, dünya Ukrayna ətrafında birləşsə, Rusiyada hər şeyə qərar verənlərlə danışacağıq”.
Onun fikrincə, müharibənin “qaynar” mərhələsi 2024-cü ilin sonuna qədər başa çatdırıla bilər. Bununla belə, sülh planı Ukraynanın müttəfiqləri ilə tam razılaşdırılmalıdır ki, “heç kim onların müharibəni bitirmək təşəbbüslərinə qarışmasın”.
Prezident həmçinin əmin olduğunu bildirib ki, Qərb dövlətləri Moskvaya təzyiq göstərsə, müharibəni nəhayət, döyüş meydanında deyil, danışıqlar masası arxasında bitirmək olar.
“Bu o demək deyil ki, biz bütün əraziləri güc yolu ilə zəbt etməliyik. İnanıram ki, buna diplomatiya yolu ilə nail olmaq olar”, - deyən Zelenski, eyni zamanda, Rusiyanın döyüş meydanında zəiflədilməsinin Ukraynaya daha güclü danışıqlar mövqeyini təmin edəcəyini bildirib.