“Müsbət dinamika davam edir, apreldən yoluxma faizləri 10 faizdən aşağı düşməyə başlayıb”
“Koronavirusa yoluxma halları 3-4 faizə enib”. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
”Hazırda dünyada koronavirusa yoluxmuş insanların sayı 168 milyonu, ölənlərin sayı 3 milyonu ötüb. Azərbaycanda yoluxma sayı azalda da yenə də ölüm halları olur. Keçən müddətdə bayram günləri oldu, bəzən test sayları azala bilər. Müsbət dinamika davam edir, apreldən yoluxma faizləri 10 faizdən aşağı düşməyə başlayıb, son günlər bu rəqəm 4,5, bəzən 3 faizə düşür, bu da müsbət dinamikadır”, - deyə Y.Qarayeva vurğulayıb.
Onun sözlərinə görə, qadınlar arasında yoluxma daha çoxdur: “Yaş qruplarına gəldikdə, bir il ərzində dəyişiklik olmayıb, ən çox yoluxma yenə də 20-69 yaş arası qruplarda olur. Bütün respublika üzrə yoluxmalar ən çox Bakı, Sumqayıt, Abşerondadır. Rayonlarda statistika yaxşıdır, keçən il bu vaxtlarda cənub və digər bölgələrdə ciddi yoluxmalar var idi. Bu gün pozitiv dinamika var. Bakıda yoluxma daha çox Binəqədi və Xətai rayonlarındadır”.