Xüsusi qabiliyyət imtahanı iştirakçılarına xəbər var

Xəbərlər

23.07.2021 - 15:46

“Xüsusi qabiliyyət imtahanları” jurnalında müsabiqə şərtləri, meyarlar və digər məlumatlar yerləşdirilib

 

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün keçirilən bütün imtahanlar, müsabiqə şərtləri, meyarlar və digər zəruri məlumatlarla “Xüsusi qabiliyyət imtahanları” jurnalının aprel ayında nəşr edilən 1-ci nömrəsində tanış olmaq mümkündür.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, jurnalda ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələri üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyent və bakalavrlar üçün qəbul proqramları dərc olunub.

 

Bundan əlavə, təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman, jurnalistika istiqamətləri üzrə qabiliyyət imtahanları, o cümlədən islamşünaslıq ixtisasına qəbul üçün keçirilən müsahibə haqqında geniş məlumat verilib.

 

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında, həmçinin:

 

- müsabiqə şərtləri (minimum bal, minimal şərtlər);

 

- qabiliyyət imtahanı komissiyaları üzrə imtahanların siyahısı;

 

- qiymətləndirmə meyarları (yekun qiymətin hesablanma qaydası);

 

- imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər;

 

- tapşırıq nümunələri;

 

- bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər;

 

- abituriyentləri ən çox maraqlandıran suallara cavablar;

 

- XQTİ-lər üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar;

 

- magistratura səviyyəsi üzrə qəbul proqramları;

 

- magistratura səviyyəsinə qəbul üçün müsabiqə şərtləri;

 

- magistratura səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar haqqında ətraflı məlumatla tanış olmaq mümkündür.

 

Jurnalı Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Müəllif: Ayna.az