“Putinin əsas məqsədi Rusiya imperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır”
“Rusiya Ukraynada dayanmayacaq və Üçüncü Dünya müharibəsinə təhrik etmək üçün NATO ərazilərini ələ keçirməyə cəhd göstərəcək. Əgər qətiyyət nümayiş etdirməsək, Rusiya Prezidenti Vladimir Putin irəliyə gedəcək. Bu, sadəcə olaraq boş spekulyasiya deyil, təhlükə realdır. Putinin əsas məqsədi Rusiya imperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, vəziyyət dünya müharibəsinə çevrilə bilər". AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib.
Zelenski bildirib ki, bu halda, "dünyada heç kim üçün təhlükəsiz yer olmayacaq".
Ukrayna lideri xatırladıb ki, Ukrayna Rusiyanı cilovlamaq üçün ağır bədəl ödəyir: "Bundan yüksək bədəl yoxdur. Biz bütün pulumuzu, maddi cəhətdən əlimizdə olan hər şeyi verdik. Amma ən əsası odur ki, xalqımızın canını verdik", - Ukrayna Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri 13 min dinc sakin və 100 min Ukrayna əsgəri həlak olub. Zelenski ABŞ Prezidenti Donald Trampı müharibənin gətirdiyi dağıntıları görmək üçün Ukraynaya səfər etməyə çağırıb: “Zəhmət olmasa, hər hansı qərar qəbul etməzdən əvvəl, danışıqlar aparmazdan əvvəl gəlib insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxsın. Tramp güclü ölkənin güclü Prezidenti olaraq Ukraynanın tərəfində dayanmalı, neytral mövqe tutmamalıdır”.