Teymur Rəcəbovun komandası Millətlər kubokunda sonuncu olub

İdman

09.05.2020 - 23:17

Turnirin 5-ci günü IX və X turun qarşılaşmaları baş tutub

 

FİDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunun əsas mərhələsi başa çatıb. 

 

AYNA-nın məlumatına görə, 180 min dollar mükafat fondu olan turnirin 5-ci günü IX və X turun qarşılaşmaları baş tutub.

 

Azərbaycan millisinin qrossmeysteri Teymur Rəcəbovun yer aldığı Dünya yığması öncə Rusiya ilə üz-üzə gəlib. Vladislav Artemiyevlə oynayan şahmatçımız ilə qələbəsini qazanıb. O, ağ fiqurlarla rəqibindən üstün olub. 

 

Lakin bu qələbə Dünya yığmasının qalib gəlməsinə kömək olmayıb. Matç 2:2 hesablı heç-heçə ilə bitib. 

 

Turun digər oyunlarında Çin Hindistanı, Avropa yığması ABŞ-ı 2,5:1,5 hesabı ilə məğlub edib. 

 

X turda Rəcəbovun komandası Avropa ilə görüşüb. Həmyerlimizin Maksim Vaşye-Laqravla heç-heçə etdiyi oyun elə “sülh”lə yekunlaşıb – 2:2

 

Digər matçlarda Rusiya Hindistanı, ABŞ Çini 2,5:1,5 hesabı ilə məğlub edib. 

 

Beləliklə, 10 turdan sonra 17 xalla birinci olan Çin və ondan 4 xal toplayan ABŞ superfinalda oynayacaq. Cəmi 4 xal yığan Dünya yığması isə yarışı sonuncu pillədə başa vurub. 

 

Qeyd edək ki, Rəcəbov əvvəlki 8 turda 4-ü heç-heçəyə nail olub və 3 dəfə uduzub. Bir matçda isə istirahət edib.

Müəllif: Ayna.az