Teymur Rəcəbov bu gün Aronyanla yenidən qarşılaşacaq

İdman

03.01.2021 - 08:53

Azərbaycanlı qrossmeysterə çempion olmaq üçün heç-heçə də kifayət edəcək

 

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov "Airthings Masters" turnirinin həlledici mərhələsində ermənistanlı Levon Aronyanla mübarizə aparacaq. AYNA xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb.

 

Qrossmeyster yarımfinalın iki matçında rusiyalı Danil Dubovu 5:1 hesabla məğlub edərək finala yüksəlib.

 

Azərbaycan qrossmeyster və Ermənistan təmsilçisi dünən ilk matçda münasibətlərinə aydınlıq gətirib. Dörd oyundan ibarət qarşılaşmada T.Rəcəbov qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanmağı bacarıb – 2,5:1,5.

 

Rəcəbov iki piyada üstünlüyü əldə edib. Daha bir piyadanın itirilməsindən sonra isə Aronyan məğlubiyyətini qəbul edib.

 

Bu gün Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək. Turnirin qalibi yarışın son günündə bəlli olacaq. Rəcəbova çempion olmaq üçün heç-heçə də kifayət edəcək.

 

Bu gün davam edəcək turnirin 200 min ABŞ dolları olan ümumi mükafat fondunun 60 mini qalibə çatacaq.

Müəllif: Ayna.az