Tək əsgər

Xəbərlər

19.04.2024 - 23:55

Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılanıb

Telefonumun şarjı ən az 24-30 saat sürür. Bu gün günortadan bəri 2-ci dəfədir şarja taxmışam. Haradasa, 100-dən çox zəng, 100-dən çox təbrik mesajı və göz aydınlığı.

Uşaqlıq yoldaşlarımdan tələbəlik dostlarıma, həyatda bir dəfə olsun Qazaxı görməyən tanışlarım və sosial şəbəkə izləyicilərimdən qazaxlı qohum-əqrabalara qədər saysız-hesabsız audio və video zənglər, Əskiparanın bənzərsiz təbiət mənzərələrindən Alban abidələrinə qədər çox sayda kliplər və s.

Xaricdə səfərdə olan bacanağım 7-8 dəfə zəng vurub bayaqdan…məndən yaşca böyükdür…kövrəlib, nəsə demək istəyir, amma deyə bilmir…desə özünü saxlaya bilməyəcək…

Hər dəfə zəng vuran başqa bir dostum (anası Əskiparalıdır) mesaj atır. Bilir ki, səsli danışsa dayana bilməyəcək…ağlayacaq…

Ağsaqqal və ya Qazax deyimi ilə “Ağır Taxtalılar” zəng edirlər – Alqış edirlər Dövlət Başçısına.

Məmməd Musayev özünə xas soyuqqanlıqla nəsə deyir, amma onun da səsi titrəyir.

Bir dəqiqə nəsə danışır, üç dəqiqə sonra yenə zəng vurur…bəlli ki, boğazını arıtlayıb: “Allah Prezidenti qorusun, bir güllə atmadan problemi həll etdi”…

Qazax Xeyriyyə Cəmiyyətinin sədri prof.İlham Pirməmmədov Qazaxda insanların küçələri töküldüyünü deyir…sevinclidir o da, “İki gün əvvəl Qazaxdaydım, keşkə bu gün orda olaydım” deyir.

Ardınca əziz dostum Rasim Müzəffərli video-zəng vurur, “Rafael müəllimlə bir yerdəyik. Səni təbrik edirik”. Hər zamankı kimi sevinci doya-doya yaşayan Rasim bu səfər daha coşqu ilə danışır. Telefonun kamerasını görkəmli alim, Ağabeyim, akademik Rafael Hüseynə çevirir. Hər cümləsində bir vurğu, məna və hikmət olan Rafael müəllimin ürəyi doludur, böyük həzz və qürurla onun təbrik cümlələrini dinləyirəm: “Bir azdan evə gedirəm, sabah “Xalq qəzeti”nə bir yazı yazacam”…
Bir az pauza verib “Məqalənin adı nə olacaq bilirsənmi?… ”Tək əsgər” adlandıracam yazımı" deyir…

20 aprel axşam 21.00-24.00 arası ”Haber Global” kanalının canlı yayınında olacam. Mikrofonlar, studiya işıqlar və kameralardan özünü itirməyən biri kimi nəsə həyəcanlanmağa başlamışam. İkinci dəfədir bu hissi yaşayıram.

Birinci dəfə Şuşa alınanda bu vəziyyətə düşmüşdüm.
O gün günorta ”Habertürk TV” kanalında danışırdım.

Yayın bitəndə “İndi növbə Qazaxın kəndlərindədir” demişdim…

Müəllif: İbrahim Nəbioğlu