Yaqut Qarayeva: “Bu, çox ciddi səhvdir və xəstələrin vəziyyətinin evdə ağırlaşmasına səbəb olur”
“Bu gün müalicə işi ilə məşğul olan həkimləri narahat edən məsələ xəstələrin stasionarlara ağırlaşmış vəziyyətdə daxil olmasıdır. Ən çox narahatlıq doğuran ev şəraitində aparılan bəzi müalicələrdir. Əhali arasında sosial şəbəkələr vasitəsilə çoxlu sayda reseptlər dolaşır”.
AYNA-nın xəbərinə görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
TƏBİB rəsmisi qeyd edib ki, ev şəraitində vitamin preparatları və bəzi qandurulaşdırıcı dərmanlar qəbul edilə bilər: “Xroniki xəstəliyi olanlar həmin preparatları qəbul edə bilərlər. Lakin digər vətəndaşlar qandurulaşdırıcı preparatları yalnız həkim məsləhəti ilə qəbul edilməlidir və miqdarı da həkim tərəfindən təyin olunmalıdır. Çünki bu, ciddi fəsadlara səbəb ola bilər. Bundan əlavə yataq rejimi və bol maye qəbulu tövsiyə olunur”.
“Həkim təyinatı olmadan qəti qəbul edilməməli olan dərmanlar hormonal preparatlar və steroidlərdir. Təəssüf ki, Deksametazon bütün ölkədə geniş istifadə olunur və hətta apteklərdə onu vətəndaşlara məsləhət görürlər. Bu, çox ciddi səhvdir və xəstələrin vəziyyətinin evdə ağırlaşmasına səbəb olur. Heç bir halda həkim məsləhəti olmadan Deksametozon və steroid preparatı qəbul etmək olmaz. Buraya antibiotiklər və antiviral preparatlar daxildir. Özümüzü ən sadə metodlarla - gigiyenaya əməl etmək, maska taxmaq və məsafə saxlamaqla qorumağa çalışmalıyıq”, - deyə Qarayeva əlavə edib.